Elektrik o qədər də asan mövzu deyil. Amma bizə tanış olan anlayışlarla analogiya aparmaqla bunu daha rahat başa düşmək mümkündür. Bu baxımdan ən çox istifadə edilən yanaşma elektriki su və boru ilə bənzətməkdir. Bu üsul ilə bəzi elektrik anlayışlarını qavramaq asanlaşa bilər.
Aşağıda bəzi elektrik anlayışlarını su sistemi ilə müqayisə etmişik:
- Gərginlik (V): suyun təzyiqi
Suyun təzyiqi suyu boru boyunca hərəkət etdirdiyi kimi gərginlik də elektrik yüklərini dövrə boyunca hərəkət etdirən qüvvədir. - Cərəyan (I): Suyun axını
Elektrik cərəyanı boru boyunca axan suyun miqdarı kimi başa düşülə bilər. - Müqavimət (R): Borudakı maneələr
Müqavimət suyun axınını yavaşlatmağa səbəb olan maneələr kimi başa düşülə bilər. Təsəvvür edək ki, borunun bir hissəsində bərkimiş qum var, bu suyun axınına mane olacaq. Eləcə də, elektrik dövrəsinin müqaviməti elektrik yüklərininin hərəkətinə mane olur. - Sabit cərəyan (DC): Birtərəfli axın
Sabit cərəyan boruda bir istiqamətdə axan su kimi təsəvvür edilə bilər. Batareyalar və elektronika qurğuları üçün xarakteristikdir. - Dəyişən (AC): İrəli-geri axın
Dəyişən cərəyan boruda suyun dayanmadan irəli-geri hərəkət etməsinə bənzəyir. Real həyatda belə praktikaya rast gəlinməsə də, bu formada təsəvvür etmək olar. - Batareyalar: Su nasosları
Batareyalar su nasosları kimi işləyir, qapalı dövrədə elektrik yüklərini hərəkət etdirərək sabit axın yaradır. - Elektrik dövrələri: Su axınının yolu
Elektrik dövrəsi suyun hərəkət etdiyi boru sistemi kimi qəbul edilə bilər. Boruların özünü isə elektrik naqili ilə müqayisə etmək olar. - Elektrik açarları: Su kranı
Elektrik xətlərinin üzərində olan açarları su xətlərinin üzərində olan kranlara bənzətmək mümkündür.
Elektrik və su sistemləri bir-birindən tamamilə fərqli olsa da, yeni başlayanlar üçün elektrik anlayışlarını qavramağa kömək edə bilər.
Mənbə:








