Kontaktor: güc və idarəetmə dövrələrinin əvəzolunmaz komponenti

Kontaktorlar idarəetmə və güc dövrələrində istifadə olunan relelərin xüsusi növüdür. Relelərdən əsas fərqi daha yüksək cərəyanlarla işləyə bilməsindədir. Ölçülərinə görə də relelərdən nisbətən böyük olurlar  Kontaktorlar daha çox mühərriklərin idarəolunma dövrələrində istifadə olunurlar.

Kontaktor nədir və nə üçün istifadə olunur?

Kontaktorun elektromaqnit sarğısı enerjiləndikdə onun ətrafında maqnit sahəsi yaranır, bunun nəticəsində kontaktorun nüvəsi hərəkət edir və kontaktorun kontaktlarının vəziyyətini dəyişir. Adətən, kontaktorun kontaktları normal açıq (NO) olur.

Kontaktor birbaşa olaraq yüksək cərəyanlı dövrələrin idarə edə bilir. Məsələn, istehsalatdakı böyük konveyor mühərriklərinin və digər ağır sənaye avadanlıqlarının işlədilməsində kontaktorlar əvəzolunmaz rol oynayır.

Aşağıdakı şəkil kontaktorun daxili quruluşunu göstərir. Kontaktorun əsas elementləri elektromaqnit sarğısı və kontaktlardır. (1) Elektromaqnit sarğısından cərəyan keçdikdə elektromaqnit induksiya hadisəsinə əsasən sarğının ətrafında maqnit sahəsi yaranır. Bu maqnit sahəsi kontaktorun hərəkətli nüvəsini (3) cəzb edir. Hərəkətli nüvənin yerdəyişməsi nəticəsində kontaktorun açıq kontaktları (3) qapanır. Sarğının enerjisi kəsildikdə mexaniki yay (2) kontaktları əvvəlki vəziyyətinə qaytarır.

Kontaktorlarda əlavə bir neçə normal qapalı kontaktlar da ola bilər. Bu halda kontaktorun sarğısı enerjiləndikdə həmin kontaktlar açıq vəziyyətə keçirlər.

Adətən, kontaktoru mühərrikləri idarə etmək üçün istifadə edirik. Kontaktorun sarğısı enerjiləndikdə və kontaktlar qapandıqda mühərrik işə düşür. Enerji kəsildikdə isə mühərrik dayanır.

Üst qapağı sökülmüş kontaktor

Elektromaqnit sarğı

Kontaktorun sarğısı həm sabit (DC), həm də dəyişən (AC) cərəyanla işləyə bilər. Hər iki növ kontaktora tez-tez rast gəlmək olur. Bəzi kontaktorların sarğısı həm sabit, həm də dəyişən cərəyanla işləyə bilir.

Kontaktor seçilməsi

Avadanlıq üçün düzgün kontaktor seçilməsi onun etibarlı işləməsini təmin etmək üçün əhəmiyyətlidir. Burada gərginlik, cərəyan, yükün növü (mühərrik, işıqlandırma, qızdırıcı) nəzərə alınmalıdır. Kontaktorun göstəriciləri işlədicinin maksimum güc və cərəyanından az olmamalıdır.

İstifadə təyinatına görə ən çox  AC-1 və AC-3 tipli kontaktorlara rast gəlinir. AC-1 rezistiv yüklərin (qızdırıcı, işıqlanma) idarə olunması üçün, AC-3 isə induktiv yüklərin (mühərrik, transformator, solenoid) idarə olunması üçün istifadə olunur.

AC-1: Bu kateqoriyalı kontaktorlar rezistiv yüklü və güc əmsalı 0.95-dən çox olan az dərəcəli induktiv yükləri idarə etmək üçün istifadə olunur. Elektrik qızdırıcıları və işıqlanma sistemlərini nümunə göstərə bilərik. Bu yüklərdə ani cərəyan sıçrayışları olmur. Cərəyan kəsilməsi zamanı kontaktlar arasında çox kiçik qövs yaranır, kontaktların ömrü daha uzun olur.

AC-3: Bu tip kontaktorlar isə yüksək induktiv yüklər üçün nəzərdə tutulub. Kontaktor mühərriki işə salanda statorda yüksək işəburaxma cərəyanı yaranır. Bu, təxminən nominal cərəyanın 5-7 qatına bərabər olur.  açılması zamanı kontaktlar arasında qövs yaranır, nəticədə kontaktlar daha tez köhnəlir. Bunu nəzərə alaraq AC-3 tipli kontaktorların kontaktları xüsusi materialdan hazırlanır.

Mənbə:

electrical-engineering-portal.com

switcheplus.com.au

SON ƏLAVƏ OLUNANLAR