Sabit və dəyişən cərəyan

Elektrik cərəyanı iki şəkildə axır: dəyişən cərəyan və sabit cərəyan. İngilis dilində bu terminlər müvafiq olaraq “alternating current” (AC) və “direct current” (DC) adlandırılır. Bu iki cür cərəyanın əsas fərqi elektronların hərəkət istiqamətindədir. DC üzrə elektronlar daim bir istiqamətdə hərəkət edir, AC-də isə elektronlar mütəmadi olaraq irəli-geri istiqamətdə hərəkətdə olurlar. Bu iki cərəyanın istifadə sahələri, üstünlükləri və mənfi cəhətləri hansıdır? Gəlin yaxından baxaq.

Cərəyanlar müharibəsi

XIX əsrin sonlarında elektrik enerjisi özünün inkişaf mərhələsində idi. Həmin dövrdə Avropa və ABŞ-də DC və AC cərəyanları arasında gərgin rəqabət gedirdi. Tomas Edison sabit cərəyan ideyasını dəstəkləyirdi. O, bunun daha etibarlı və təhlükəsiz olduğunu iddia edirdi. Digər tərəfdən Nikola Tesla və Corc Vestinqhous isə dəyişən cərəyanın üstünlüklərini təbliğ edirdilər.

Təxminən 1890-cı illərdə bu mübarizə dəyişən cərəyanın qələbəsi ilə başa çatdı. Bu mübarizə “Cərəyanlar müharibəsi” (War of the currents) olaraq adlandırılır.

Dəyişən cərəyan (AC)

Dəyişən cərəyanın istiqaməti zamanla dəyişir. Bu cərəyan əsasən evlərdə, ofislərdə və sənayeni elektrik enerjisini təmin edir.

Dəyişən cərəyanı generatorlardan mənzillərə çatdırmaq asan və effektivdir. AC-nin ən böyük üstünlüyü, gərginliyinin yüksək transformatorlar vasitəsilə asanlıqla artırıla və azaldıla bilməsidir. Bu, enerjinin uzun məsafələrə daşınması zamanı itkiləri minimuma endirir. Yüksək gərginlikdə enerjinin daşınması, enerji itkisini azaldır və məsafənin uzunluğu artdıqca daha sərfəlidir.

Soyuducular, paltar yuyanlar və kondisionerlər kimi məişət cihazları, işıqlanma sistemləri, böyük sənaye avadanlıqları AC vasitəsilə çalışır.

AC dalğaları çox vaxt sinus dalğası formasında təsvir edilir. Dəyişən cərəyanın tezliyi ölkələrdən asılı olaraq dəyişir. Bir çox ölkələr 50 Hz və ya 60 Hz tezlikli dəyişən cərəyandan istifadə edir.

Dəyişən cərəyanın istiqaməti periodik olaraq dəyişir, gərginliyin qiyməti də həmçinin dəyişir.

Sabit cərəyan (DC)

Sabit cərəyan elektrik cərəyanının yalnız bir istiqamətdə hərəkət etdiyi bir enerji növüdür. Bu, deməkdir ki, cərəyanın istiqaməti vaxt keçdikcə dəyişmir və yüklər yalnız bir istiqamətdə hərəkət edir. Adətən batareya və ya adapterlər vasitəsilə cihazlara enerji verir. Sabit cərəyanın tətbiqi elektrik enerjisini sabit və davamlı şəkildə təmin etməyə ehtiyac duyulan sahələrdə geniş yayılıb.

Əsasən telefonlar, elektrik avtomobilləri və portativ cihazlar DC ilə işləyir. Elektronika cihazlarında, kompüter sistemlərində də DC-dən geniş istifadə olunur. Günəş panelləri Günəş enerjisindən istifadə edərək DC enerjisi yaradır, daha sonra bu enerji çeviricilər vasitəsilə AC-ə çevrilir.

Sabit cərəyanın tezliyi yoxdur, bunu sıfır kimi də qəbul edə bilərik.

Gərginliyin qiyməti sabit olaraq qalır.
XüsusiyyətDəyişən cərəyan (AC)Sabit cərəyan (DC)
Elektron axınıElektronların istiqaməti mütəmadi olaraq dəyişirElektronlar daim bir istiqamətdə hərəkət edir
Enerji itkisiUzaq məsafələrdə az enerji itkisinə məruz qalırUzaq məsafələrdə çox enerji itkisi baş verir
Tezlik50 Hz və ya 60 Hz0 Hz (tezlik yoxdur)
Enerji saxlamasıAC batareyalarda saxlanıla bilmirDC batareyalarda saxlanıla bilər
Tətbiq sahəsiMəişət cihazları, sənaye avadanlıqlarıElektron cihazlar, mobil texnologiyalar

Həm sabit, həm də dəyişən cərəyan sağlamlıq üçün təhlükəlidir.

Məşhur avstraliyalı rok qrupu AC/DC qrupu öz adını bu anlayışlardan götürüb.

Mənbə:

  • byjus.com
  • matsusada.com
  • anker.com
  • energy.gov
  • sparkfun.com

SON ƏLAVƏ OLUNANLAR