İstənilən avadanlıqda nasazlıqların aradan qaldırılması çox əhəmiyyətli bir bacarıqdır. Bu bacarığın əldə edilməsi üçün uzunmüddətli təcrübə lazımdır. Xüsusən təcrübəli əməkdaşlardan öyrənilən biliklər bu bacarığın inkişafında əvəzedilməz rol oynanır.
Nasazlıqların aşkarlanması və aradan qaldırılması prosesini 5 mərhələyə bölmək olar:
- İlkin əlamətləri müəyyənləşdirmək
- Problem olan hissəni izolyasiya etmək
- Şübhəli görünən komponenti test etmək
- Həmin komponenti təmir etmək və ya dəyişdirmək
- Sistemi test etmək
Nasaz avadanlığın ilkin səbəblərini müəyyənləşdirə bilmək bu prosesdə ən əhəmiyyətli addımdır. Bunu müəyyənləşdirmək üçün avadanlığı işlədən operatordan problemin necə yarandığını soruşmaq adətən çox kömək edir. Çünki problemi aradan qaldıracaq şəxs nə qədər təcrübəli və bilikli olsa da, maşının yanında daim olan şəxs operatordur və o, həmin avadanlığa daha yaxşı bələddir, bu reallığı qəbul etmək lazımdır. Bəzən təcrübəsi az olan mütəxəssislər problemi tək başına həll etməyə çalışırlar. Onları təlimatlandırarkan avadanlıqlardakı problemlərin həll edilməsində ən çox fayda verəcək şəxsin operator olduğunu bildirmək lazımdır. Operatorla birlikdə maşındakı problemlərin ilkin əlamətlərini müəyyənləşdirdikdən sonra problemi həll etmək daha asan olur.
Bir nümunəyə baxaq. Fərz edək ki, siz avadanlığın texniki sazlığına məsul şəxssiniz. Bir avadanlıqda konveyor dayanıb və bununla bağlı sizə məlumat verilib.

Addım 1: Əlamətləri müəyyən etmək
İlkin olaraq operatorla birgə avadanlığı müşahidə edirsiniz. Aşkar edirsiniz ki, mühərrikə elektrik enerjisi gəlir. Amma konveyor fırlanmır. Hər hansı zədə izi, fərqli səs aşkar etmirsiniz. Avadanlığın idarəetmə panelində hər hansı problem görünmür.
Addım 2: Problemi izolyasiya etmək
Növbəti addımda problemi bir detalın üzərinə gətirmək lazımdır. Əgər mühərrikə enerji gəlirsə, amma konveyor fırlanmırsa, mexaniki birləşmədə problem olması və ya mühərrikin özündə problem olması ehtimalı yaranır. Mexaniki tərəfi yoxlayırsınız və orada birləşmədə hər hansı problem aşkar etmirsiniz. Burda yalnız bir ehtimal qalır, mühərrikin özündə problem var.
Addım 3: Nasaz detalı yoxlamaq
Multimetr vasitəsilə mühərrikə gələn gərginliyin normal olub-olmadığını yoxlayırsınız. Gərginlik normaldır. Daha sonra mühərrikin sarğılarını yoxlayırsınız və məlum olur ki, mühərrikin sarğılarında açıq dövrə var və buna görə mühərrik fırlana bilmir.
Addım 4: Nasaz detalı təmir etmək və ya dəyişdirmək
Yuxarıdakı diaqnostikadan sonra mühərriki yenisi ilə əvəz edirsiniz. Əmin olmalısız ki, yeni mühərrik əvvəlki mühərrik ilə eyni göstəricilərə sahibdir.
Addım 5: Sistemi test etmək
Mühərrik dəyişdikdən sonra bütün sistemi işə salırsınız. Operatorla birgə sistemi işlək vəziyyətdə müşahidə edirsiniz. Bütün prosesin normal olduğuna əmin olduqdan sonra görülən iş barədə hesabat hazırlayırsınız.
Yuxarıdakı addımlarla gedərək istənilən təmir işini mümkün qədər qısa vaxtda tamamlamaq olar.








