Elektrik enerjisi müasir həyatın təməl hissəsidir. O, sadə cihazlardan tutmuş iri sənaye avadanlıqlarına qədər hər şeyi enerji ilə təmin edir. Elektrik enerjisi əsasən dəyişən cərəyan (AC) formasında təmin olunur. Elektrik enerjisinin iki əsas növü vardır: tək fazalı və üç fazalı enerji. Bu iki növ enerji fərqli məqsədlər üçün istifadə olunur və onların arasında nəzərəçarpan fərqlər var.
Tək fazalı enerji adətən aşağı elektrik tələbatı olan yerlərdə, məsələn, evlərdə istifadə olunur və kiçik avadanlıqların işlədilməsi üçün uyğundur. Üç fazalı enerji isə ağır yüklər üçün uyğundur və fabriklərdə böyük maşınların işlədilməsi üçün istifadə olunur.
Elektrik stansiyalarında üç fazalı elektrik enerjisi istehsal edilir. Bunun səbəbi üç fazalı sistemin həm istehsal, həm ötürmə, həm də paylanma baxımından daha səmərəli olmasıdır. Bu sistemdə üç faza naqili (L1, L2, L3) olur.
Bu enerji transformatorlar vasitəsilə yüksək gərginliyə (məsələn, 110kV və ya daha çox) çevrilir və uzaq məsafələrə ötürülür. Yüksək gərginliyə çevirmənin əsas məqsədi enerji itkilərini minimuma endirməkdir. İstifadə olunacaq yerlərə çatdıqda transformatorlar vasitəsilə gərginlik aşağı endirilir (məsələn, 400V).
Üç fazalı enerji xətləri (L1, L2, L3 və neytral) yaşayış məntəqələrinə qədər gəlir. Paylayıcı şəbəkələr hər evə bir faza naqili və bir neytral naqil ayırır. Bu prosesdə üç fazalı enerji “parçalanaraq” tək fazalı enerji kimi istifadə olunur.
Tək fazalı enerji evlərə və kiçik obyektlərə paylanır, amma üç fazalı enerji sənaye obyektlərinə və böyük avadanlıqlara çatdırılır.
Məsələn:
- Məhəllədəki evlər müxtəlif fazalara bölünür:
- Ev A: L1 (Faza 1) + Neytral
- Ev B: L2 (Faza 2) + Neytral
- Ev C: L3 (Faza 3) + Neytral
Bu bölgü ilə şəbəkədə balans saxlanılır, yəni hər faza bərabər yüklənir. Böyük evlər, villalar və ya çox mərtəbəli binalarda üç fazalı enerji birbaşa paylanır. Burada üç faza naqili (L1, L2, L3) və neytral naqili binaya gətirilir. Bina daxilində hər mərtəbə və ya mənzil üçün fərqli faza ayrılır. Məsələn: 1-ci mərtəbə L1, 2-ci mərtəbə L2, 3-cü mərtəbə L3. Bu üsulla şəbəkə yükləri bərabər paylanır və enerjidən səmərəli istifadə edilir.

Tək fazalı enerji
Tək fazalı elektrik təchizatı gündəlik həyatda ən çox istifadə olunan enerji təchizatı növüdür və əsasən məişət cihazları (televizor, işıqlar, ventilyatorlar, soyuducu, istilik cihazları və s), kiçik ofis avadanlıqları və digər aşağı yük tələbləri üçün nəzərdə tutulmuşdur. Bu təchizat növü aşağı gərginlik ehtiyacları səbəbindən çox geniş yayılmışdır.
Tək fazalı bağlantıda faza və neytral naqillərdən istifadə edilir; faza naqili (L) elektrik yükünü daşımaq üçün xidmət edir, neytral naqil (N) isə cərəyanın geri qayıtma yolu kimi istifadə olunur. Əlavə olaraq torpaqlama naqili (PE) də ola bilər. Tək fazalı elektrik enerjisində gərginlik coğrafiyadan asılı olaraq 230V və ya 120V olur.

Üç fazalı enerji
Üç fazalı enerji daha böyük güc tələb edən tətbiqlər üçün nəzərdə tutulub. Bu enerji növü elektrik stansiyalarında istehsal edilir və hər biri 120° faz fərqi ilə ayrılmış üç ayrı cərəyan dalğasına əsaslanır. Üç fazalı sistem sabit və fasiləsiz enerji axını təmin edir. Ağır sənaye avadanlıqları və böyük mühərriklər üçün idealdır, daha çox güc ötürür və yüksək güclü tətbiqlərdə səmərəli nəticələr verir.
Üç fazalı sistemdə hər bir faza müəyyən vaxt intervalında maksimal gərginliyə çatır, bu da enerjinin davamlı və sabit olmasını təmin edir.
Üç fazalı bağlantıda üç faza (L1, L2, L3) və bir neytral naqilindən istifadə olunur. Bir çox hallarda torpaqlama naqili (PE) də ola bilər

Seçim edərkən enerji tələblərini və tətbiq sahəsini nəzərə almaq vacibdir. Tək fazalı enerji, kiçik ev təsərrüfatları üçün əvəzolunmazdır, lakin böyük sənaye və enerji intensiv layihələrdə üç fazalı enerji daha effektivdir.
Mənbə:
- electronicshub.org
- trgdatacenters.com
- fluke.com








