Söndür-yandır düzələcək

Texniki problemlərlə qarşılaşdıqda ilk ağıla gələn həll yollarından biri söndürüb-yandırma (power cycling) metodudur. Bu üsul kompüterlərdən tutmuş sənaye avadanlıqlarına qədər bir çox cihazda tətbiq olunur və bəzən ən sadə, amma effektiv həll yolu olur.

Lakin onun hansı hallarda və nə qədər tez-tez tətbiq olunacağını bilmək vacibdir. Bu üsul əsasən proqram təminatı ilə bağlı müvəqqəti problemlərin aradan qaldırılmasında işləyir və hardware (qurğu) nasazlıqlarını həll etmək üçün kifayət olmaya bilər.

Sənaye avtomatlaşdırılmasında bu üsul tez-tez istifadə edilən diaqnostika və nasazlıq aradan qaldırma metodlarından biridir. Xüsusilə VFD , PLC və digər avtomatlaşdırma qurğularında müəyyən səhvlərin aradan qaldırılması üçün bu metod effektiv ola bilər.

Necə işləyir?

Bu metod cihazın müvəqqəti nasazlıqlarını aradan qaldırmaq üçün onun tamamilə enerjidən ayrılmasını və yenidən işə salınmasını nəzərdə tutur. Bütün elektrik və elektronika qurğular; üçün bu üsul oxşar olsa da, sənaye mühitində daha diqqətli icra olunmalıdır. Bu prosesi həyata keçirmək üçün aşağıdakı addımları icra etmək lazımdır:

  1. Avadanlığın təhlükəsiz şəkildə dayandırılması
    • VFD, PLC və ya digər avadanlıq iş prosesindədirsə, əvvəlcə onun müvafiq qaydada dayandırılması vacibdir. Avadanlıq kritik bir prosesə nəzarət edirsə, hər hansı gözlənilməz vəziyyətin qarşısını almaq üçün operator və mühəndis heyəti məlumatlandırılmalıdır.
  2. Elektrik enerjisindən ayırmaq
    • Avadanlıq əsas enerji mənbəyindən ayrılmalıdır. Batareya ilə işləyirsə, o da çıxarılmalıdır.
  3. Gözləmə müddəti (30 saniyə – 1 dəqiqə)
    • VFD və PLC-lərdə bəzi elektron komponentlər (məsələn, kondensatorlar) müəyyən bir müddət enerji saxladığı üçün tam boşalmasını gözləmək lazımdır. Gözləmə müddəti həmçinin sistemin RAM və ya müvəqqəti yaddaşında saxlanılan məlumatların sıfırlanması üçün də vacibdir.
  4. Avadanlığın yenidən şəbəkəyə qoşulması
    • Elektrik enerjisi bərpa edilir. Amma bəzi VFD-lərdə və PLC-lərdə ilk açılış zamanı avtomatik diaqnostika (self-test) prosesinin tamamlanması gözlənilməlidir.
  5. Sistemin işə salınması və nəzarət
    • Power cycling icra edildikdən sonra istismar öncəsi yoxlama aparılmalıdır. VFD-lərdə, PLC-lərdə, idarəetmə panelində əvvəlki xətaların qalib-qalmadığı yoxlanılmalıdır.

Bu metod nə vaxt işləyir?

Söndürüb-yandırma əsasən aşağıdakı problemləri həll etməyə kömək edir:

  • Əgər sistem əmrlərə cavab vermirsə, enerji kəsintisi bu vəziyyəti sıfırlayaraq sistemin yenidən işləməsini təmin edə bilər.
  • Şəbəkə avadanlıqlarının internet bağlantısında problem yarandıqda, bu metodla bəzən normal işlək vəziyyətə qaytarılır.
  • VFD-lərin bəzi xətalarını aradan qaldırmaq üçün söndürüb-yandırma üsulu istifadə olunur.
  • VFD-lər Modbus, Profibus və ya Ethernet/IP üzərindən PLC-lərlə əlaqə saxlayır. Bu kommunikasiyada bəzən problem yarana bilər və söndürüb-yandırma avadanlıq arasında əlaqəni bərpa edə bilər.
  • Söndürüb-yandırma prosesi PLC-nin müvəqqəti yaddaşını (RAM) təmizləyərək onu ilkin vəziyyətə gətirə bilər.
  • Proqram təminatı donmalarını aradan qaldırır

Nə zaman effekt verməyə bilər?

Söndürüb əksər hallarda təsirli olsa da, bəzi hallarda problemi həll etmir.

Hardware (qurğu) nasazlıqları:

  • Əgər bir VFD və ya digər qurğu həddindən artıq qızıbsa və daxili komponentləri sıradan çıxıbsa, söndürüb-yandırma bu problemi həll etməyəcək.

Daimi proqram səhvləri:

  • Əgər PLC-də və ya VFD-də səhv proqramlaşdırma və ya yanlış parametrlər varsa, söndürüb-yandırma sistemi bərpa etməyəcək.

Tez-tez söndürüb-yandırma:

  • VFD və PLC-ləri tez-tez söndürüb-yandırmaq daxili komponentlərə, xüsusilə də relelərə və enerji dövrələrinə ziyan vura bilər. Buna görə 30 dəqiqə ərzində 1 dəfədən çox icra edilməməsi tövsiyə olunur.

SON ƏLAVƏ OLUNANLAR