Borular sənaye, inşaat, nəqliyyat və digər mühəndislik sahələrində həyati əhəmiyyət daşıyan elementlərdən biridir. Su, qaz, neft və digər mayelərin ötürülməsi üçün boruların müxtəlif növlərindən istifadə olunur. Eyni zamanda, borular havalandırma sistemlərində, struktur dəstəklərində və hətta bəzi maşınqayırma proseslərində mühüm rol oynayır. Onların forması və materialı isə istifadə sahəsindən asılı olaraq dəyişir.
Müxtəlif formalı borular mövcud olsa da, ən çox rast gəlinən və geniş istifadə edilən növ dairəvi borulardır. Dairəvi borular bir çox üstünlüklərə malikdir. Bu üstünlüklər dairəvi boruları, xüsusilə də yüksək təzyiq altında maye və qaz axınlarını daşıyan sistemlərdə ideal hala gətirir.
Dairəvi boruların üstünlükləri
Aşağıda dairəvi boruların əsas texniki və iqtisadi üstünlükləri ətraflı izah olunmuşdur:
- Təzyiqin bərabər paylanması: Dairəvi borularda daxili təzyiq hər tərəfə bərabər şəkildə yayılır. Bu, borunun daha güclü və dayanıqlı olmasını təmin edir. Kvadrat və ya düzbucaqlı borularda künclərdə təzyiq daha çox olur, bu da borunun zədələnmə çıxma riskini artırır. Buna görə dairəvi borular təzyiq altında maye və ya qaz daşıyan boru xətləri üçün daha uyğundur.
- Axının effektivliyi: Dairəvi borularda kəskin künclər olmadığı üçün axın daha hamar və sürətli olur. Belə borular maye axınına qarşı minimum müqavimət göstərir. Bu da borunun içindən keçən mayenin sürətini artırır və daha az enerji sərf olunur. Nəticədə dairəvi borular daha az enerji ilə daha çox maye və ya qaz axınını təmin edir.
- İstehsal asanlığı: Dairəvi boruların istehsalı daha sadə və daha ucuzdur, çünki onların əyilməsi və birləşdirilməsi daha asandır. Bu, istehsal prosesini sürətləndirir və maliyyəti azaldır.
- Material qənaəti: Dairəvi borular eyni diametrə malik digər formalara nisbətən daha az materialla daha böyük axın sahəsi təmin edir. Bu, həm material israfını azaldır, həm də istehsalat maliyyətini aşağı salır. Aşağıdakı bir nümunə ilə bunu dəqiqləşdirək. Uzunluğu 1 metr olan dairə, perimetri 1 metr olan beşbucaqlı və kvadratın sahəsinə baxaq:
- Dairənin sahəsi ≈ 0.0796 m²
- Beşbucaqlının sahəsi ≈ 0.0688 m²
- Kvadratın sahəsi = 0.0625 m²
- Quraşdırma rahatlığı: Dairəvi boruların quraşdırılması və təmiri daha sadədir. Onlar müxtəlif istiqamətlərə rahat əyilə bildiyindən istifadə etmək daha asandır.
Əksər borular yuvarlaqdır, xüsusən də yüksək təzyiq altında maye və ya qaz daşıyan borular. Digər formalı borular maye daşıyan sistemlərdə nadir hallarda istifadə olunur, çünki onların təzyiqə dayanıqlılığı zəifdir və axın səth bərabər deyildir.
Digər formalı borular
Bununla belə, bəzi xüsusi hallarda məkana və ya digər ehtiyaclara uyğun olaraq elliptik və ya digər formalara üstünlük verilir.
Hava kanalları və ya digər aşağı təzyiqli sistemlərdə düzbucaqlı boruların istifadəsi daha praktik ola bilər.
Düzbucaqlı kanalları nazik metal təbəqələrdən (məsələn, qalvanizli polad) hazırlamaq və müxtəlif ölçülərə uyğunlaşdırmaq daha asandır. Xüsusilə, tavanın içində və ya məhdud yerlərdə düzbucaqlı kanallar daha uyğun olur.
Mənbə:
- buildfanatic.com
- physics.aps.org
- ysteels.com
- physicsworld.com








