Zaman relelərinin əsas növləri və işləmə prinsipləri

Zaman reləsi müəyyən bir müddət keçdikdən sonra elektrik dövrəsini açan və ya bağlayan qurğudur. Onun əsas funksiyası elektrik dövrəsinin qoşulmasını və ya ayrılmasını gecikdirməkdir. Bu da sənaye və avtomatlaşdırma sistemlərində mühüm rol oynayır. Zaman relələri müxtəlif idarəetmə proseslərində istifadə olunaraq elektrik avadanlıqlarının müəyyən ardıcıllıqla işə düşməsini və ya dayanmasını təmin edir.

Bu cihazların zaman funksiyaları müxtəlif rejimdə ola bilər. Aşağıda bir neçə rejim qeyd olunub.

  • Gecikmə ilə qoşulma (ON-delay)
  • Gecikmə ilə ayrılma (OFF-delay)
  • Dövri
  • İnterval

Zaman relələrinin tətbiq sahələri olduqca genişdir. Onlar nəqliyyat sistemlərində, ventilyasiya və işıqlandırma idarəetməsində, təhlükəsizlik sistemlərində və istehsalat xətlərində müxtəlif proseslərin avtomatik idarə olunmasını təmin edir.

Zaman relesi müəyyən bir vaxt keçdikdən sonra dövrəni açan və ya bağlayan bir cihazdır. Əsas işi cərəyanın dərhal qoşulmasını və ya ayrılmasını gecikdirməkdir. Bu, avtomatlaşdırma sistemlərində, təhlükəsizlik sistemlərində və müxtəlif sənaye tətbiqlərində geniş istifadə olunur.

İşləmə prinsipinə görə görə elektromexaniki və elektron formada olurlar.

Zaman relelərinin təyin olunmuş müddətləri prosesin tələbinə uyğun olaraq saniyə, dəqiqə, saat və ya gün də ola bilər.

Növləri

Zaman relələri işləmə prinsiplərinə görə iki əsas növə bölünür: elektromexaniki və elektron.

Elektromexaniki zaman relələri elektromaqnit sarğısı və mexaniki hissələrdən istifadə edərək işləyir və gecikməni təmin edir. Elektromexaniki relələrin ən böyük üstünlüyü onların ucuzluğu və texniki cəhətdən sadə olmasıdır, eyni zamanda baxımı da asandır. Lakin onların dəqiqliyi aşağıdır, mexaniki hissələr daimi olaraq aşınır və zədələnmə ehtimalı var. Bundan əlavə, bu relələr çevik tənzimləmə imkanına malik deyillər, yəni çox funksiyaları olmur və geniş tətbiq sahəsi üçün uyğun olmaya bilərlər. Bu relelər əsasən köhnə sistemlərdə istifadə olunur.

Elektron zaman relələri isə kondensatorlar, rezistorlar, mikroprosessorlar kimi elektron komponentlərdən istifadə edir. Bu relələr daha dəqiq işləyir və uzun ömürlüdür, çünki mexaniki aşınma problemi yoxdur. Elektron relələrin üstünlüyü onların çevik proqramlaşdırıla bilməsi, kiçik və yüngül olmalarıdır. Lakin onlar elektromexaniki relələrə nisbətən daha bahalıdır və bəzi modellər mürəkkəb quruluşa malikdir, bu da istifadəçilərdən əlavə proqramlaşdırma bilikləri tələb edə bilər.

Elektron zaman relələri elektromexaniki növlərə nisbətən daha dəqiq işləyirlər. Mexaniki hissələri olmadığı üçün aşınma ehtimalı olmur və daha uzun müddət işləyə bilirlər. Bu relelərin iki əsas növü var: analoq və rəqəmsal.

  • Analoq zaman relələri kondensatorun yavaş-yavaş yüklənməsi və boşalması ilə işləyir. Bu proses nəticəsində gecikmə yaranır və rele müəyyən müddət sonra açılıb-bağlanır. Bu cür relələr sadə quruluşlu və ucuzdur, lakin temperatur və gərginlikdə olan dəyişikliklər onların dəqiqliyini azalda bilər. Həmçinin, analoq relələr rəqəmsal cihazlara nisbətən çox çevik tənzimləmə imkanı təqdim etmir və yalnız müəyyən edilmiş vaxt aralığında işləyirlər. Onların zaman ayarları adətən potensiometr vasitəsi ilə tənzimlənir.
  • Rəqəmsal zaman relələri isə mikroprosessor və ya mikrokontroller vasitəsilə işləyir. Bu relələr çox dəqiq və stabil işləyir. Onlar geniş vaxt tənzimləmə aralığına malikdir və funksiyalarının dəyişdirilməsi mümkündür. Rəqəmsal relələrin üstünlüyü onların müasir texnoloji imkanlara sahib olmalarıdır, amma onların idarə edilməsi üçün əlavə proqramlaşdırma bilikləri tələb oluna bilər və qiymətləri digər modellərə nisbətən daha yüksəkdir. Rəqəmsal zaman releləri adətən ekran və düymələr vasitəsi ilə idarə olunur.

Bu iki əsas növün hər biri müəyyən üstünlüklər və məhdudiyyətlərə sahibdir, buna görə də hansı növün seçiləcəyi tətbiq sahəsinə və ehtiyaclara əsaslanır.

Analoq zaman relesi
Rəqəmsal zaman relesi
Elektromexaniki zaman relesi

İş rejimləri

Gecikmə ilə qoşulma (On-delay)

On-delay rejimində zaman releləri müəyyən bir siqnal qəbul etdikdən sonra dərhal aktivləşmir, əksinə, əvvəlcədən təyin olunmuş vaxt keçdikdən sonra çıxışı aktivləşdirir. Bu gecikmə müddəti saniyələrlə və ya dəqiqələrlə ölçülə bilər və istifadə sahəsinə görə dəyişir.

İş prosesi aşağıdakı ardıcıllıqla baş verir:

  • Başlanğıc mərhələsi: On-delay rejimində zaman relesi enerji ilə təmin edildikdə və ya bir idarəetmə siqnalı qəbul etdikdə, çıxış dərhal aktiv olmur.
    • Gözləmə müddəti: Rele daxili taymer vasitəsilə müəyyən olunmuş gecikmə müddətini gözləyir. Bu müddət mexaniki hissənin hərəkəti, kondensatorun dolması və ya mikroprosessorun proqramlaşdırılmış vaxtı ölçməsi ilə tənzimlənə bilir.
  • Çıxışın aktivləşməsi: Gecikmə müddəti tamamlandıqdan sonra rele çıxışı aktivləşdirir və dövrəyə bağlı olan yük (mühərrik, işıq, səs siqnalı, nasos və s.) işə düşür.

Bu tip relələrin əsas məqsədi, sistemdə müəyyən bir gecikməni təmin edərək ardıcıllığın qorunmasına və avadanlıqların düzgün şəkildə işə düşməsinə kömək etməkdir.

Aşağıdakı qrafikdə releyə qidalanma verildikdə “Gecikmə zamanı” qədər müddət keçdikdən sonra çıxış siqnalının dəyişdiyi göstərilib.

Gecikmə ilə ayrılma (Off-delay)

Off-delay zaman releləri giriş siqnalı verildikdə dərhal aktivləşir, lakin siqnal kəsildikdə çıxış dərhal sönmür. Əvəzində, əvvəlcədən müəyyən olunmuş gecikmə müddəti başa çatana qədər aktiv qalır və yalnız bundan sonra deaktivləşir.

İş prosesi aşağıdakı ardıcıllıqla baş verir:

  • Başlanğıc mərhələsi: Off-delay rele enerjiləndikdə və ya bir idarəetmə siqnalı daxil olduqda, çıxışı dərhal aktivləşdirir.
  • Gözləmə müddəti: Çıxış aktiv olduğu müddətdə sistemin işləməsi davam edir.
  • Siqnalın kəsilməsi: Giriş siqnalı dayandıqda və ya idarəetmə siqnalı kəsildikdə, rele dərhal deaktiv olmur. Əvvəlcədən təyin olunmuş vaxt qədər daha işləməyə davam edir.
  • Çıxışın deaktivləşməsi: Gecikmə müddəti bitdikdən sonra rele çıxışı söndürür və bağlı olan sistem tamamilə dayanır.

Yuxarıda qeyd olunan proses aşağıdakı qrafikdə təsvir olunub. Relenin giriş siqnalı kəsildikdən sonra “gecikmə zamanı” qədər müddət ərzində relenin çıxış siqnalı aktiv vəziyyətdə qalır.

RecyclDövri)

Müəyyən vaxt aralığında davamlı olaraq açılıb-bağlanır. Suvarma sistemlərində, reklam lövhələrinin işıqlandırılmasında istifadə olunur.

Məsələn işıqların 3 saniyə yanıb, 3 saniyə sönməsini təmin edən sistemdə bu tip taymerlərdən istifadə olunur.

Aşağıdakı qrafikdə relenin qidalanmasından sonra çıxış siqnalının dəyişməsi qrafiki göstərilib. “ON” və “OFF” zamanları rele üzərindən tənzimlənərək dəyişdirilə bilir.

İnterval

Bu tip zaman relelərinin kontaktları releyə gərginlik verilən kimi dəyişir. Əvvəlcədən təyin olunmuş müddət ərzində kontaktlar həmin vəziyyətdə qalır. Zaman bitdikdən sonra relenin gərginliyi kəsilməsə belə kontaktlar əvvəlki vəziyyətinə qayıdır.

Məsələn, xəbərdarlıq siqnallarının qoşulmasında bu relelərdən istifadə oluna bilər.

Aşağıdakı şəkildə interval tipli zaman relesinin çıxış siqnalının necə dəyişdiyi qrafiki olaraq təsvir olunub.

Mənbə:

  • instrumentationtools.com
  • electricity-magnetism.org
  • aliontimer.com

SON ƏLAVƏ OLUNANLAR