Açarlar və düymələrin sənayedə rolu

Açarlar və düymələr sənaye proseslərində, məişət texnikasında və nəqliyyatda vacib rol oynayır. İngiliscə bu anlayışlar “switch” və “push button” olaraq gedir. “Push button”u Azərbaycan dilinə tam uğurlu tərcümə etmək çətin olduğu üçün bu yazıda sadəcə düymə olaraq adlandıırılıb.

Xüsusilə sənaye mühitində bu cihazlar yüksək etibarlılıq və davamlılıq tələb edir, ekstremal şəraitdə belə əl ilə idarəetməni təmin edir.

Sənaye düymələri və açarları istehsal zavodlarında, konveyerlərdə, liftlərdə, gəmilərin idarəetmə panellərində və nəqliyyat vasitələrində geniş tətbiq olunur. Onlar müxtəlif funksiya və dizayn seçimlərinə malikdir.

Açar və ya düymə seçərkən əsas faktor iş mühitinin tələblərinə uyğun funksionallığın təmin edilməsidir.

HMI (Human-Machine Interface) panelləri bəzi fiziki düymə və açarları rəqəmsal alternativlərlə əvəz etsə də, sənaye sahəsində bir çox mühitlərdə ənənəvi düymələr daha üstün tutulur. Ənənəvi düymələr hələ də bir çox mühitlərdə önəmlidir. Fiziki açar və düymələr hələ də təhlükəsiz və etibarlı idarəetmənin ayrılmaz hissəsi hesab olunur.

Açarlar

Açarlar elektrik dövrəsini açıb-bağlamaq üçün nəzərdə tutulmuşdur və işıq, mühərrik və ya qızdırıcı kimi yükləri idarə edə bilər. Onların əsas mexanizmi metal aktuator vasitəsilə kontaktları açıb-bağlamaqdan ibarətdir. Kontaktlar bağlandıqda elektrik cərəyanı yükə ötürülür, açıldıqda isə cərəyan axını dayanır.

Əksər açarlar iki mövqeli olur, lakin bəzi modellər üç və ya daha çox mövqeyə malik ola bilər. İş prinsipi düymələrə bənzəsə də, bir dəfə çevrildikdə və ya vəziyyəti dəyişdirildikdə həmin vəziyyətdə qalır.

Açarlar müxtəlif formalarda, ölçülərdə və cərəyan dəyərlərində mövcuddur. Dövrəyə uyğun olmayan açarın seçilməsi onun tez sıradan çıxmasına və hətta yanğına səbəb ola bilər. Müxtəlif kontakt blokları ilə təchiz edilə bilən bu cihazlar fərdi tələblərə uyğun konfiqurasiya oluna bilər.

Elektrik cihazlarında və sənaye sistemlərində geniş istifadə olunan açarlar idarəetmədə təhlükəsizlik və etibarlılığı təmin edən əsas elementlərdən biridir.

Dönən açarlar (rotary switches): Fırlanan mexanizm vasitəsilə bir neçə kontakt arasında keçid edə bilən açarlardır. Məsələn, motorun irəli və ya geri hərəkət etməsində istifadə edilən açarlar.

Kilid açarlar (key switches): Ənənəvi açarla təchiz olunan açarlardır. Bu tip açarları aktivləşdirmək üçün ənənəvi açar mexanizmə daxil edilməlidir. Əks halda əl ilə açarı fırlatmaq mümkün olmur. Belə açarlar əsasən təhlükəsizlik üçün istifadə olunur.

Üç mövqeli dönən açar
Kilid açar

Düymələr

Elektrik dövrələrinin əsas prinsipi ondan ibarətdir ki, cərəyan maneəsiz axmalıdır. Lakin daimi olan qapalı dövrələr nəzərdə tutuluan funksiyanı təmin etməyə bilər. Düymələr məhz bu məqsədlə istifadə olunu. Lazım olduqda dövrəni qapadaraq enerjinin ötürülməsini təmin edir, həmçinin ehtiyac yarandıqda dövrəni açaraq enerjini kəsə bilər.

Düymələr maşın və avadanlıqların idarəetməsini təmin edən sadə elementlərdir. Bu elementlər müxtəlif sənaye sahələrində, avtomatlaşdırılmış idarəetmə sistemlərində, məişət elektronikası və təhlükəsizlik sistemlərində geniş tətbiq edilir. Onlar metal və ya termoplastik materiallardan hazırlanır və istifadəçiyə asan idarəetmə imkanı yaradır.

Düymələr açarlara bənzəsə də, onların aktuatoru içəri basılaraq hərəkət etdirilir və buraxıldıqda mexaniki yay vasitəsi ilə əvvəlki vəziyyətinə qayıdır.

Düymələr eyni anda bir neçə açıq və ya qapalı kontaktı idarə edə bilər. Bəzi düymələr istifadəçiyə vizual siqnallar təmin etmək məqsədi ilə işıqlarla təchiz olunur.

Düz düymələr (flush pushbuttons) – Bu düymələr montaj halqası ilə eyni səviyyədə olur. Bunun əsas məqsədi təsadüfi təmasları minimuma endirmək və hər hansı idarəetmə əmrinin yanlış olaraq verilməsinin qarşısını almaqdır. Yəni bu vəziyyətdə hər hansı şəxsin təsadüfən düyməni işə salmaq ehtimalı çox azdır.

Uzadılmış düymələr (extended pushbuttons) – Bu düymələrin aktuatoru montaj halqasından kənara çıxır. Bu quruluş düymənin daha asan aktivləşdirilməsinə şərait yaradır. Belə düymələr avtomatlaşdırma panelində ən önəmli komandalar üçün istifadə olunur.

Göbələk başlıqlı düymələr (mushroom-head pushbuttons) – Bu düymələrin aktuatoru montaj halqasının kənarlarından kənara çıxır və standart düymələrdən daha böyük diametrə malikdir. Onlar böyük ölçüsü və forması sayəsində daha yaxşı görünür və daha asan aktivləşdirilir. Bu düymələr adətən təcili dayandırma düymələri kimi istifadə olunur.

İkiqat düymələr (double pushbuttons) – Bu vəziyyətdə bir korpusda iki düymə birləşdirilir. Adətən eyni qurğunun işə salınmasını və söndürülməsini həyata keçirmək üçün istifadə olunur. Bu dizayn yerə qənaət etməyə kömək edir və maliyyəti azaldır. Bu düymələr, bir korpusda iki operatoru birləşdirir, bu da yerə qənaət edir və maliyyəti azaldır. Bəzi modellərdə əlavə işıqlandırma funksiyası da mövcuddur.

İşıqlandırılmış düymələr – Bu düymələr əlavə işıqlanma ilə təchiz olunur. Bunun vasitəsilə düymənin aktiv olub-olmadığını müşahidə etmək olur. Bu xüsusiyyət yuxarıda qeyd olunan bütün düymələrdə ola bilər. göstərir. Bu tip düymələrdən istifadə olunduqda idarəetmə panelinə əlavə göstərici işıq quraşdırılmasına ehtiyac qalmır. Beləliklə, əraziyə qənaət olunur, həmçinin maliyyəti də azaldır.

İşıqlı
Düz
İkiqat
Göbələk başlıqlı
Uzadılmış

Əsas parametrləri

Elektrik düymələri və açarlarının elektrik parametrləri onların düzgün işləməsi və tətbiq sahəsinə uyğun olması üçün vacib göstəricilərdir. Aşağıda ən əsas elektrik parametrləri və onların izahı verilib:

  • Kontakt müqaviməti, Ω (Contact resistance) – bu parametr elektrik kontaktlarının müqavimətini göstərir.
  • Nominal gərginlik, V (Rated voltage) – Bu, kontaktların təhlükəsiz işləyə biləcəyi maksimum gərginliyi göstərir.
  • İşləmə temperaturu, °C (Operating temperature) – bu parametr düymənin və ya açarın işləyə biləcəyi minimum və maksimum temperatur aralığını göstərir. Yüksək temperatur plastik materialların əriməsinə, aşağı temperatur isə kontaktların donmasına səbəb ola bilər.
  • Nominal cərəyan, A (Rated current) – kontaktların uzunmüddətli işləyə biləcəyi maksimal cərəyanı göstərir.

Bu parametrlər açar və düymələrin təhlükəsiz və uzunmüddətli işləməsini təmin etmək üçün nəzərə alınmalıdır.

Fərqləri

Düymə və açar oxşar məqsədlər üçün istifadə edilsə də, onların iş prinsipləri fərqlidir:

Adından göründüyü kimi açar bir vəziyyətdən digərinə keçid edir. Yəni, açarı bir dəfə basanda dövrə bağlanır və cihaz işləməyə başlayır. Yenidən basanda isə dövrə açılır və cihaz dayanır. Məsələn, evlərdə işığı yandırıb-söndürmək üçün istifadə olunan elementlər.

Düymə basıldığı anda dövrəyə siqnal göndərir və buraxıldıqda siqnal kəsilir. Məsələn, qapı zəngi düyməsini basanda səs gəlir, amma buraxanda səs dayanır.

Mənbə:

  • control.com
  • tipteh.com
  • se.com
  • eaton.com
  • automationforum.com
  • tme.eu

SON ƏLAVƏ OLUNANLAR