Avtomatlaşdırma piramidası sənayedə avtomatlaşdırmanın fərqli səviyyələrini təsvir edən vizual modeldir. Bu model sənaye müəssisələrində istifadə olunan texnologiyaların bir-biri ilə necə inteqrasiya olunduğunu başa düşmək üçün nəzərdə tutulub. Yəni fiziki olaraq heç bir piramida mövcud deyil.
Avtomatlaşdırma Piramidası fabriklərdə avtomatlaşdırmanın inkişaf mərhələlərini təsvir edən bir konsepsiyadır. Bu piramida sənaye avtomatlaşdırmasının mərhələlərini başa düşmək və sistemlərin necə qarşılıqlı əlaqədə olduğunu görmək üçün çox önəmlidir.
Bu piramida 5 “səviyyə”dən ibarətdir:
- L0 – Sahə səviyyəsi: Sensorlar və aktuatorlar istehsalat proseslərini həyata keçirir.
- L1 – Nəzarət səviyyəsi: PLC-lər, CNC sistemləri, robot kontrollerləri proseslərə nəzarət edir.
- L2 – Supervayzer səviyyəsi: SCADA və HMI sistemləri uzaqdan idarəetməni və nəzarəti təmin edir.
- L3 – Planlaşdırma səviyyəsi: MES istehsalat proseslərini izləyir və optimallaşdırır.
- L4 – İdarəetmə səviyyəsi: ERP müəssisənin ümumi fəaliyyətini idarə edir.

Avtomatlaşdırma piramidasını aşağıdan yuxarı analiz etdikdə, istehsalatın necə təşkil olunduğunu görə bilərik:
Sahə səviyyəsi (Field level)
Bu səviyyə istehsalat proseslərinin əsas icraçı hissəsidir. Fabrik və ya zavodda fiziki proseslər məhz burada baş verir. Sahə səviyyəsi sensorlar, aktuatorlar və digər sahə qurğularını əhatə edərək avtomatlaşdırma sisteminin təməlini təşkil edir.
Bu səviyyədə yerləşən qurğulara misal olaraq, yaxınlıq sensorları, fotoelektrik sensorlar, temperatur və təzyiq sensorları, elektrik mühərriklərini, hidravlik və pnevmatik aktuatorlarını qeyd etmək olar. Bu qurğular istehsalat proseslərini izləyir və avtomatlaşdırılmanı icra edir.
Sahə səviyyəsi avtomatlaşdırma sisteminin əsasını təşkil edir, çünki ilkin məlumatların toplanması və cihazlar arasında əlaqə məhz burada təmin edilir. Daha yüksək səviyyələrdə bu məlumatlar analiz edilərək daha mürəkkəb idarəetmə qərarları qəbul olunur.
Nəzarət səviyyəsi (Control level)
Bu səviyyədə əsas rol PLC, DCS və digər nəzarət qurğularına (CNC, PID kontrollerlər, robot sistemləri) aiddir. Burada ayrı-ayrı cihazların yox, bütöv istehsal proseslərinin idarəedilməsi nəzərdə tutulur.
PLC sensorlardan məlumat toplayır və aktuatorları idarə edərək prosesləri avtomatlaşdırır. PID kontroller, məsələn, temperatur və ya təzyiq kimi parametrləri müəyyən diapazonda saxlamaq üçün istifadə edilir. DCS böyük və kompleks istehsalat proseslərini idarə etmək üçün istifadə olunur.
Bu səviyyə həmçinin əsas istehsal göstəricilərinin (KPI – Key Performance Indicators) izlənməsinə də imkan verir. Bunun sayəsində istehsalın effektivliyini artırmaq və düzgün qərarlar qəbul etmək mümkün olur.
Supervayzer səviyyəsi (Supervisory level)
Bu səviyyədə SCADA əsas rol oynayır. SCADA sistemləri PLC-ləri və digər nəzarət qurğularını mərkəzləşdirilmiş şəkildə idarə etməyə imkan verir. SCADA vasitəsilə istehsalat proseslərinin real vaxt rejimində monitorinqini və nəzarətini təmin etmək mümkün olur. Operatorlar üçün vizual interfeys yaradır və vacib məlumatları göstərir və həmçinin qeydə alır.
HMI operatorların nisbətən kiçik həcmli prosesləri qrafik ekran vasitəsilə izləməsi və idarə etməsi üçün istifadə olunur.
Planlaşdırma səviyyəsi (Planning Level)
Bu səviyyədə MES (Manufacturing Execution System) əsas rol oynayır. MES sistemləri xammaldan hazır məhsula qədər olan bütün istehsalat mərhələlərini idarə edə bilir. MES sistemlərini icra edə bilən proqram təminatlarının sayı çoxdur və müxtəlif sənaye müəssisələrində fərqli proqramlar istifadə olunur.
Bu sistemlərin əsas funksiyaları bunlardır:
- Böyük həcmli sənaye məlumatlarının saxlaya bilir.
- İstehsalat prosesləri üçü hesabatlar hazıryala bilir.
- Real vaxt rejimində istehsalat göstəricilərinin monitorinqini aparmaq mümkündür.
- Xammal və hazır məhsulun miqdarını izləmək olur.
MEP sistemi istehsal müəssisələrində kağız sənədləşməni, Excel fayllarından və fərdi proqram təminatlarından istifadəni azaltmağa imkan verir. Bu səviyyənin tətbiqi müəssisələrə istehsalat proseslərini daha çevik, səmərəli və rəqabətqabiliyyətli hala gətirməyə imkan verir.
SCADA proseslərin idarəetməsinə fokuslanır, real vaxt məlumatlarını emal edir və operatorlara nəzarət imkanı yaradır. MES isə istehsalat əməliyyatlarının planlaşdırılması və keyfiyyətə nəzarətinə cavabdehdir.
İdarəetmə səviyyəsi (Management Level)
Piramidanın ən yüksək səviyyəsi ERP (Enterprise Resource Planning – Müəssisə Resurslarının Planlaşdırılması) sistemidir. ERP şirkətin bütün departamentlərini (istehsalat, satış, maliyyə, insan resursları və s.) birləşdirən proqram təminatları kompleksidir. Bu sistem vasitəsilə rəhbərlik müəssisənin bütün fəaliyyətini analiz edə və strateji qərarlar qəbul edə bilər.
Mənbə:
- inductiveautomation.org
- realpars.com







