Elektrik bağlantılarında terminal bloklarının rolu

Terminal bloklar elektrik sistemlərində istifadə olunan və naqilləri birləşdirərək təhlükəsiz və nizamlı şəkildə bağlamağa kömək edən komponentlərdir. Onlar izolyasiya edilmiş bir çərçivəyə malikdir və əsas funksiyaları naqil bağlantılarını təmin etməkdir.

Terminal bloklar bir neçə naqilin birləşdirilməsini təmin edən, izolyasiya edilmiş çərçivəyə malik modul bloklardır. Bu bloklar naqilləri təhlükəsiz və nizamlı şəkildə bağlamağa kömək edir və adətən DIN relsi üzərində montaj edilir. Bu montaj üsulu çoxlu terminal əlavə etməyə imkan verir. Terminal bloklarıbağlantıları daha etibarlı edir.

Niyə terminal bloklardan istifadə edirik?

Naqilləri lehimləyərək və ya izolentlə sarıyaraq da bir-birinə bağlamaq mümkündür. Amma bunlar terminal blokların verdiyi üstünlükləri təmin edə bilmir. Terminal bloklarla bağladıqla bağlantılar daha təhlükəsiz, nizamlı, çevik olur, asanlıqla dəyişdirilə bilir. Həmçinin texniki nasazlıqların sürətli şəkildə aradan qaldırmaq mümkün olur.

Ümumilikdə, terminal bloklar elektrik naqillərinin təşkilində, təhlükəsiz bağlantılarda və dəyişikliklərin asanlaşdırılmasında kömək edir.

Terminal blok elektrik parametrlərində hər hansı dəyişiklik etmir, hər iki uca bağlanmış naqil arasında elektrik bağlantısını təmin edir.

Terminal blokların bağlantı üsulları

  1. Vintli terminal bloklarda naqillər vintlə bərkidilir. Vintləri çox sıxmaq naqili zədələyə bilər. Ən çox istifadə olunan terminal blok budur.
  2. Baryerli terminal bloklar vintli termial bloklarına bənzəyir, əsas fərqi üzərində qoruyucu örtüyün olmasıdır.
  3. Yaylı terminal bloklarda naqil yay mexanizmi ilə sıxılır. Naqili terminal bloka daxil etmək üçün əvvəlcə burğac ilə yay mexanizmi geri çəkilir. Daha sonra naqil bağlanır və burğac çıxarılır. Yay mexanizmi naqili sıxaraq orada saxlayır. Bu metod kiçik naqillər üçün daha uyğundur.
  4. Push-in / Push-fit terminal bloklar sadəcə naqili itələməklə bağlantı yaradır. Naqili çıxarmaq üçün xüsusi buraxma düyməsi basılmalıdır.
Vintli
Baryerli
Yaylı
Push-in/Push-fit

Terminal blokların funksional növləri

  1. Torpaqlama terminal bloklar vizual olaraq təksəviyyəli vintli terminal bloklarına oxşayır. Burada naqillər terminal blok vasitəsilə DIN rayı və ya quraşdırıldığı digər nöqtə ilə metal vasitəsilə bağlantı quraraq torpaqlanır.
  2. Qoruyucu terminal bloklarda iki naqilin birləşmə zolağında ənənəvi metal keçid əvəzinə qoruyucu yerləşdirilib. Beləliklə, naqillər qoruyucu vasitəsilə birləşdirilir və bu, bağlantıların əlavə cərəyan yüklənməsindən qoruyur. Bir çox istehsalçılar bu bloklara qoruyucunun vəziyyətini göstərən LED göstərici əlavə edirlər. Qoruyucu sıradan çıxanda bu göstərici vizual siqnal verir və problemin aşkar olunmasını asanlaşdırır.
  3. Termocüt terminal bloklar termocüt naqillərinin qoşulması üçün nəzərdə tutulmuş xüsusi terminal bloklardır. Termocüt naqillərini adi terminal bloklara bağladıqda terminal blokun keçirici materialı ilə təmas edərək əlavə birləşmə nöqtəsi yaradır, bu da termocütün ölçməsinə mənfi təsir edir. Xüsusi terminal blokların keçirici materialı isə termocütlərin materialı ilə eyni olur.
Torpaqlama terminal bloku
Qoruyuculu terminal bloku
Termocüt terminal bloku

Strukturuna görə növləri

  1. Tək səviyyəli terminal bloklar sadəcə iki naqili birləşdirən bloklardır. Ən sadə növ hesab olunur.
  2. Çox səviyyəli terminal bloklarda birinci səviyyənin üstündə bir və ya bir neçə səviyyə olan bu bloklardır. Daha çox bağlantı etmək üçün istifadə olunur. Əsasən, yerə qənaət etmək üçün bu tip terminal bloklardan istifadə olunur.
Bir səviyyəli terminal bloklar
Çox səviyyəli terminal bloklar

Terminal blokların montajı

Terminal blokların ən geniş yayılmış montaj üsulu DIN rels üzərinə quraşdırmaqdır. DIN rels elektrik panellərində cihazları bərkitmək üçün istifadə olunan standart metal relsdir.

DIN rels üzərinə quraşdırılmış müxtəlif terminal bloklar

Mənbə:

  • connectwell.com
  • realpars.com
  • electricaleasy.com

SON ƏLAVƏ OLUNANLAR