Pi ən çox istifadə olunan riyazi sabitlərdən biridir və tarixi çox qədimdir. O, dairənin uzunluğu ilə diametri arasındakı nisbətə bərabərdir. Pi ədədi irrasionaldır, yəni sonsuzdur. Pi ədədinin dəqiq qiymətini bilmədiyimiz üçün dairənin sahəsini və çevrənin uzunluğunu da dəqiq hesablaya bilmirik. Amma dəqiqə yaxın nəticələr alırıq.
Pi ədədi dünyada 4000 ildən çoxdur ki, maraq doğurur. Bir çox riyaziyyatçılar Pi üzərində çalışıb və onun rəqəmlərini hesablamağa cəhd ediblər. Bəzi riyaziyyatçılar həyatlarının uzun illərini yalnız bir neçə rəqəmi taparaq keçiriblər.
Babillilər Pi ədədini 25/8=3.125 olaraq təxmini hesablamışdılar. Qədim misirlilər bu ədədi (16/9)2 ≈ 3.16 olaraq müəyyən etmişdilər.
Yunan riyaziyyatçısı Arximed Pi-ni hesablamaq üçün fərqli metoddan istifadə etmişdi. O, bir dairənin içərisinə bir çoxbucaqlı və dairənin xaricində də bir başqa çoxbucaqlı çəkmişdi. Sonra hər iki çoxbucaqlının kənarlarını davamlı olaraq artıraraq dairəyə oxşar bir forma əldə etmişdi. 96 tərəfli çoxbucaqlıya çatdıqda Arximed Pi-nin qiymətini 223/71 < pi < 22/7 aralığında olduğunu sübut edə bilmişdi.
1647-ci ilə qədər Pi-nin universal adı və işarəsi yox idi. Həmin ildə ingilis riyaziyyatçısı Vilyan Outr öz əsərində pi adını istifadə etməyə başladı, lakin Leonard Eyler 1737-ci ildə simvolu istifadə etməyə başladıqdan sonra bu simvol geniş şəkildə qəbul edildi. π simvolunun seçilməsinin səbəbi yunan dilində “perimetros” sözünün ilk hərfi olması idi.
1988-ci ildə San Fransisko Eksploratorium elm muzeyinin işçisi Larri Şav ilk dəfə martın 14-cü Pi günü kimi qeyd etməyə başladı. İllər keçdikcə bu gün populyarlaşdı və nəhayət 2009-cu ildə ABŞ Nümayəndələr Palatası Pi günü təklifini təsdiqlədi. 2019-cu ildə UNESCO-nun 40-cı Baş Konfransında Pi gününün Beynəlxalq Riyaziyyatçılar Günü kimi qeyd edilməsi təsdiqləndi.
2015-ci ildə hindistanlı Şarma Sureş Kumar Pi ədədinin 70030 rəqəmini əzbərləyərək Ginnesin Rekordlar Kitabına adını yazdırıb. Buradakı siyahıdan digər adları da görmək mümkündür. Azərbaycandan ən yüksək göstərici 142 rəqəmlə Bəxtiyar Farayevə aiddir.
2017-ci ildə Pi ədədinin 22 trilyon rəqəmi bizə məlum idi. 2019-cu ildə Google şirkətinin yapon əməkdaşı Emma Haruka Iwao bulud hesablama texnologiyasından istifadə edərək 31 trilyon rəqəmi hesablaya bildi.
Buradan Pi ədədinin ilk bir milyon rəqəminə baxmaq mümkündür.
Mənbə:
- piday.org
- nbcnews.com
- bbc.com








