HMI (Human Machine Interface, yəni İnsan-Maşın İnterfeysi) operatorlarla texniki sistemlər arasında əlaqə quran qurğudur. O, həm prosesin cari vəziyyəti haqqında məlumat təqdim edir, həm də istifadəçinin əmrlərini qəbul edərək prosesi idarəetməyə imkan yaradır.
Ev şəraitində kondisionerin, soyuducunun temperaturunu yoxlamaq və tənzimləmək üçün onun interfeysindən necə istifadə edirsinizsə, zavod operatoru da sənayedə müxtəlif parametlərə nəzarət etmək və idarə etmək üçün HMI-dən istifadə edir.
Zavod və fabriklərdə HMI vasitəsilə operatorlar mühərriklərin vəziyyəti, təzyiq, temperatur, çənlərdəki səviyyə və digər göstəriciləri real vaxtda izləyə bilirlər. Bu məlumatlar ekranda aydın qrafik və şəkillərlə göstərilir. Beləliklə, istifadəçi vəziyyəti tez başa düşə və lazımi addımı ata bilər.
HMI necə işləyir?
HMI-lər PLC ilə əlaqə quraraq məlumatları əldə edir. PLC-dən cihazlar və proseslər barədə əldə olunmuş məlumatlar HMI ekranında vizual formada təqdim olunur. Operatorlar bu qrafik interfeys üzərindən düymələr, sxemlər və göstəricilər vasitəsilə sistemə nəzarət edir. Bəzi HMI-ların fiziki düymələri də mövcud olur. HMI-lər adətən sensorlu ekran formasında olur. Onlar bir neçə cihaz və ya şəbəkə ilə əlaqə yarada bilir.
Məsələn, qarışdırma prosesində HMI klapanın açıq və ya bağlı olduğunu göstərir, çənin içindəki maye səviyyəsini isə vizual olaraq əks etdirir. İstifadəçi bu məlumatlara baxaraq prosesi tənzimləyə bilir.
Əvvəllər operatorlar qurğuların vəziyyətini yoxlamaq üçün mütəmadi olaraq sahədə gəzməli və məlumatları kağız və ya lövhəyə yazmalı idilər. HMI texnologiyası isə PLC-lərin real vaxt məlumatlarını HMI ekranına ötürməsi ilə bu köhnə təcrübəni aradan qaldıraraq, məlumat çatışmazlığı və insan səhvləri səbəbindən yaranan xərcləri azaldır. Bu texnologiya prosesi əl ilə yoxlama ehtiyacını azaldır və insan səhvlərinin qarşısını alır.

HMI-lərin üstünlükləri
- İstifadə rahatlığı: Məlumatlar qrafik şəkildə təqdim olunduğu üçün operatorlar daha tez qərar verə bilir.
- Real vaxt nəzarəti: Proseslər canlı izlənir və dərhal müdaxilə mümkündür.
- Mərkəzləşdirilmiş idarəetmə: Bütün sistemə bir paneldən nəzarət imkanı yaradır.
İstifadə sahələri
- Enerji istehsalı və ötürülməsi
- Qida və içki istehsalı
- Qeyri-qida istehsalı
- Neft və qaz sənayesi
- Təkrar emal sənayesi
- Nəqliyyat və logistika
- Su və çirkab suların idarə edilməsi
Müasir HMI-lər və proqram təminatı
Bugünkü HMI-lər təkcə prosesi idarə etmir, həm də tarixçədəki məlumatlara əsaslanaraq sistemin səmərəliliyini artırmağa imkan verir. Bu, məhsulun keyfiyyətinə və ümumi idarəetməyə müsbət təsir göstərir.
HMI proqramı bir neçə cihazla eyni vaxtda əlaqə saxlayaraq geniş sistemlərə nəzarət etməyə imkan yaradır. Əsas funksiyalara məlumat toplama, göstərmə, xəbərdarlıq siqnalları (alarmlar), trend izləmə və hesabat çıxarma daxildir.
Çətinliklər və məhdudiyyətlər
HMI-lər asan anlaşılan olmalıdır, amma bəzən belə olmur. Bəzi hallarda operatorlar həddindən artıq məlumatla yüklənir, bu isə onların işini gərgin və çətin edir. Nəticədə, böyük həcmdə mürəkkəb informasiyanı tez və düzgün təhlil edə bilən operatorlar tapmaq çətinləşir.
Bununla yanaşı, bir çox HMI texnologiyaya uyğunlaşa bilmir və müəssisə böyüdükcə çevik davranmır. Bəzi HMI proqram təminatları köhnə əməliyyat sistemlərini dəstəkləmir və ya yalnız müəyyən avadanlıqlarla işləyə bilir. Bu da onları tez sıradan çıxan, bahalı və qısamüddətli sərmayəyə çevirir.
Məşhur HMI nümunələri
Allen Bradley və Siemens kimi şirkətlər fərqli ölçü və funksiyalara malik HMI cihazları istehsal edirlər. Onlar həm ayrı cihaz kimi, həm də digər idarəetmə sistemlərinə inteqrasiya olunmuş formada mövcuddur.
Mənbə:
- inductiveautomation.com
- aveva.com








