Ehtiyat hissələrin idarə olunmasında 7 tövsiyə

Ehtiyat hissələrinin idarə olunması istehsalat müəssisələrində menecerlərin qarşılaşdığı ən böyük çətinliklərdən biridir. Ehtiyat hissələri idarəçiliyi düzgün həyata keçirildikdə bu məsələ çox yada düşmür, lakin səhv aparıldıqda böyük problemlərə səbəb olur. Buna görə də, ehtiyat hissələrinin ağıllı, səmərəli və praktik şəkildə saxlanmasının əhəmiyyətini nəzərdən qaçırmaq olmaz.

Yaxşı təşkil olunmuş ehtiyat hissələrin idarəetmə sistemi müəssisənizin məhsuldarlığını artıra bilər. O, planlaşdırılmamış dayanma müddətini azalda bilər. Ən əsası, maliyyə nəticələrinizə müsbət təsir göstərə bilər. Aşağıdakı məsləhətlərdən istifadə edərək ehtiyat hissələri idarəetmə planınızı inkişaf etdirə və ya yeniləyə bilərsiniz. Beləliklə, bu işlər bir az da asanlaşacaq.

1. Ehtiyat hissələri prioritetləşdirin

Hər bir ehtiyat hissə müəssisə üçün eyni dərəcədə əhəmiyyətli deyil. Buna görə də, hansı hissələrin prioritet olduğunu müəyyən etmək lazımdır. Prioritet siyahısı yaratmaq idarəetmə işlərinizi həm daha effektiv, həm də daha səmərəli edəcək.

Bu siyahını tərtib edərkən yalnız hansı avadanlığın daha vacib olduğu nəzərə alınmır. Təchizat müddəti, dayanma nəticələri və digər amillər də nəzərə alınmalıdır. Belə siyahı olduqda hissələrin sifariş olunması daha asan olur. Stoklama prosesi də bu siyahılar sayəsində daha rahat təşkil edilir. Hansı hissələrin çox sayda saxlanılmalı olduğunu bu siyahılar aydın göstərir. Hansılarının isə az miqdarda saxlanılıb lazım olduqda sifariş verilə biləcəyini dəqiq göstərir.

2. Təchizat müddətləri üçün məlumat bazası yaradın

Ehtiyat hissələrinin təchizat müddəti avadanlıq sıradan çıxdıqda işin dayanma müddətinin uzanmasının əsas səbəblərindən biridir.

Bəzən bir neçə saatlıq dayanma belə istehsal qrafikinizi poza bilər. Buna görə də təchizat müddətləri siyahısı və prioritet siyahısı ehtiyat hissələrinin saxlanma səviyyələrinə nəzarət etmək üçün birgə nəzərə alınmalıdır.

Bir çox ehtiyat hissələri müəssisənin yerləşdiyi şəhərdə və hətta ölkədə tapmaq mümkün olmur. Bəzi ehtiyat hissələr avadanlığa xas olduğu üçün yalnız avadanlığın istehsalçısının özü tərəfindən təchiz oluna bilir. Bu isə bəzən aylarla gözləməyə gətirib çıxara bilər.

Məsələn, ehtiyat hissələrini dərhal və etibarlı şəkildə təmin edə bilən yerli təchizatçınız varsa, həmin hissələr üçün daha az stok saxlaya bilərsiniz. Bu, sizə kömək edə bilər. Əksinə, kritik komponentlərin təchizat müddəti uzundursa, onlar üçün qabaqcadan tədbir görməyiniz vacibdir.

3. Məlumatlardan istifadə edin

Planlaşdırılmamış dayanma və nasazlıq yarandıqdan sonra göstərilən texniki xidmət müəssisə məhsuldarlığının düşməsinə səbəb olur. Buna görə təmir işlərini daha yaxşı təşkil etmək və proqnozlaşdırıcı texniki xidmət göstərmək lazımdır. Önləyici tədbirlər inventar ehtiyaclarını daha dəqiq müəyyənləşdirməyə kömək edir. Sensorlar və digər nəzarət cihazları avadanlıqların hansı hissələrinin yaxın vaxtda texniki xidmətə və ya dəyişməyə ehtiyacı olacağını göstərə bilər. Xüsusən SCADA sistemində avadanlıqlardan gələn məlumatlar əsasında texniki xidmət prosesini optimallaşdırmaq mümkündür. Bu isə sifariş qərarlarını proqnozlardan çıxarıb, məlumat əsaslı bir prosesə çevirir.

4. Yeni avadanlıqların ehtiyat hissələrini nəzərə alın

Yeni avadanlıq da köhnə avadanlıq kimi ehtiyat hissələrə ehtiyac duyur. Hətta yeni avadanlığın sıradan çıxması istehsal planına daha çox zərər verə bilər. Çünki adətən onun dərhal istifadəyə verilməsi və böyük məhsuldarlıqla işləməsi nəzərdə tutulur. Buna görə də, yeni avadanlıqlar üçün ehtiyat hissələrini də idarəetmə sisteminizə daxil etməyi unutmayın.

5. Təhlükəsizlik tədbirlərini tətbiq edin

Ehtiyat hissələrin idarə olunması kimi onların təhlükəsiz yerdə saxlanılması da vacib məsələdir. Açıq və nəzarətsiz ərazilər ehtiyat hissələrin itməsinə, lazım olan ehtiyat hissənin vaxtında tapılmamasına gətirib çıxaracaq. Ona görə kamera nəzarəti olan qapalı və səliqəli ərazilərdən istifadə etmək lazımdır.

6. Ehtiyat hissələrinə çıxışı asanlaşdırın

Təmir və texniki xidmət istehsalın dayanıqlılığı üçün həyati əhəmiyyət daşıyır, amma bu fəaliyyətlər nəticə olaraq məhsul yaratmır. Buna görə də, bu işlər mümkün qədər sürətli və səmərəli aparılmalıdır. İşçilər ehtiyat hissələrinin harada olduğunu asanlıqla tapa bilməli və inventar məlumatlarına rahat çıxış əldə etməlidir ki, təmir gecikməsin və istehsalatda fasilə yaranmasın.

7. Proqram təminatlarından istifadə edin

Xüsusi proqram təminatlarından istifadə işi sürətləndirə bilər. Bu ehtiyat hissə siyahısını izləməyə kömək edir. Həmçinin, hansı avadanlıq üçün daha çox təmir xərci getdiyini və hansı ehtiyat hissələrin stokunun azaldığını yoxlamaq üçün faydalıdır. Məsələn, SAP PM və ya CMMS kimi proqram təminatları faydalı ola bilər, kiçik müəssisələr üçün bunu Excel sənədində hazırlamaq mümkündür. Belə sistemlər məlumatları mərkəzləşdirərək texniki işçilər, menecerlər və digər maraqlı tərəflərin eyni məlumat bazaından istifadə etməsini təmin edir.

Ehtiyat hissələri idarəçiliyi çox vaxt diqqətdən kənarda qalır, amma planlaşdırılmamış dayanmanın gətirdiyi maliyyə itkiləri və logistika problemləri bu işin nə qədər vacib olduğunu göstərir. Bir neçə yüz dollarlıq inventar minlərlə dollar dəyərində itkilərin qarşısını ala bilər.

Əgər bu sahəyə resurs ayırmağı rəhbərliyə və ya özünüzə əsaslandırmaq lazımdırsa, son yaşanan dayanma hadisəsini nümunə gətirməyiniz kifayət edəcək. Bu məsləhətlər işinizi bir az da yüngülləşdirəcək və ehtiyat hissələri idarəçiliyini daha çox dəyər yaradan bir prosesə çevirəcək.

SON ƏLAVƏ OLUNANLAR