Niyə mühərriklərin üzəri hamar olmur?

Bir çox elektrik mühərriklərinin üzəri hamar deyil. İngiliscə “fins” adlanan, Azərbaycanca “qanadlar” kimi tərcümə oluna bilən hissələrlə malikdirlər.

Elektrik mühərrikləri işləyərkən onda istilik yaranır. Bu istilik mühərrikin daxilindən istilik keçirmə (conduction) vasitəsilə xarici gövdəyə ötürülür. İstilik keçirmə vasitəsilə istiliyin ötürülməsinə səthin sahəsi, səthlər arasında temperatur fərqi və digər amillər təsir edir. Digər şərtlər sabit qalarsa, səth sahəsini artırmaqla istiliyi daha çox miqdarda mühərrikin daxilindən xaricə ötürmək mümkün olur.

Qanadlar mühərrik gövdəsinə bərkidilmiş nazik, çıxıntılı metal uzantılardır. Onların əsas məqsədi bu işi görməkdir: yəni səth sahəsini artırmaqdır. Daha böyük səth sahəsi havanın daha çox sahə ilə təmas etməsinə imkan verərək istiliyin konveksiya üsulu ilə daha sürətlə yayılmasını təmin edir.

Qeyd etmək lazımdır ki, təkcə səth sahəsi rol oynamır. Eyni zamanda hava axınının gücü (ventilyasiya) və səthlə hava arasındakı temperatur fərqi də önəmlidir. Çox mühərrikdə milin bir ucunda ventilyator və onun üçün örtük olur. Mühərrik işləyərkən ventilyator qanadların üzərindən hava üfürərək onları soyudur. Beləliklə, qanadlar və ventilyator birlikdə məcburi hava axını yaradaraq konveksiyanı gücləndirir. Məsələn, TEFC (Totally Enclosed Fan Cooled) tipli yəni, tam qapalı, ventilyatorlu mühərriklərdə ventilyator havanı qanadlardan keçirərək soyutma prosesini sürətli edir.

Qanadların materialı da istilik ötürülməsində rol oynayır — yüksək istilik keçiriciliyi olan metallardan istifadə daha yaxşı nəticə verir. Həmçinin qanadların üzərinə toz, yağ və kir yığıldıqda səth sahəsinin təsiri azalır və soyutma zəifləyir — buna görə də qanadların təmiz saxlanılması vacibdir.

Mühərrikin qanadlar vasitəsilə soyudulmasının sürətləndirilməsi onun səmərəliliyini də müsbət təsir edir. Mühərrikin çox isti olması onun performansını aşağı salır və komponentlərin sürətli aşınmasına səbəb olur. Həmçinin effektiv soyutma mühərrikin izolyasiya materiallarını da qoruyur.

Yekun olaraq deyə bilərik ki, mühərrikin üzəri həm elektrik, həm mexaniki səbəblərdən yaranan istiliyi idarə etmək üçün hamar deyil. Qanadlar səth sahəsini artıraraq və adətən, ventilyatorla birlikdə istiliyi daha sürətlə ətrafa ötürə bilirlər. Nəticədə mühərrik daha səmərəli, etibarlı və uzunömürlü çalışır.

SON ƏLAVƏ OLUNANLAR