Zavodda mühərrikin tormoz hissəsində nasazlıqla qarşılaşdıq. Mühərrikin tormoz hissəsində fiziki olaraq 2 dioddan ibarət sadə rectifier (düzləndirici) olduğunu gördük. Həmən düzləndiricinin üzərində olan koda uyğun internetdə sxemini yükləyib araşdırma etməyə başladıq. Multimetrlə yoxlama zamanı maraqlı bir hal müşahidə olundu: 1 və 2 terminalları arasında continuity (bip) səsi eşidildi. Probun istiqamətini dəyişəndə də nəticə eyni oldu. Halbuki sxemə əsasən 1 ilə 2 arasında birbaşa əlaqə yoxdur. Eyni zamanda sxemə baxdığımız zaman AC giriş gərginliyi yuxarıda Uac yazılmış hissədən gəlir və düzləndiricinin 2-ci və 3-cü terminallarına qoşulur. Yəni AC gərginliyi 2ci və 3cü terminallara verilməlidir. 1-ci və 5-ci terminallardan isə DC çıxış gərginliyi əldə etməliyik. Praktiki olaraq 2-ci və 3-cü terminallara 220 V AC gərginliyini verdiyimiz zaman çıxışda yəni 1-ci və 5-ci terminalları multimeterin V DC rejimində ölçmə apardığımız zaman heç bir dəyər görmədik. Lakin çıxışı multimeterin V AC rejimi ilə ölçdüyümüz zaman isə 220 V AC dəyərini gördük. Buradan rahatlıqla belə nəticəyə gələ bilirik ki, diod deşilib. Rectifierin sıradan çıxması tormozun sarğısının yanmasına səbəb olub. Nəticə olaraq problemin mənbəyi olan həmin rectifier yenisi ilə əvəz olundu və həmçinin də tormozun sarğısı dəyişdirildi.








