SCADA sistemlərində alarmların növləri hansılardır?

Sənaye mühitlərində SCADA (Supervisory Control and Data Acquisition – Nəzarət və Məlumat Toplama Sistemi) sistemləri istehsalat, su sistemləri, neft-qaz sektoru, logistika və enerji istehsalı kimi proseslərin monitorinqi və idarə olunmasında mühüm rol oynayır. SCADA sistemlərində ən vacib funksiyalarından biri alarmlar vasitəsilə problemləri aşkar etmək və bildirmək qabiliyyətidir. SCADA alarmları operatorları və mühəndisləri sistemdəki kənaraçıxmalar, mümkün nasazlıqlar və ya başqa nəzər yetirilməli vəziyyətlər barədə xəbərdar edir. Bu da əməliyyatların təhlükəsizliyini və səmərəliliyini təmin edir.

SCADA alarmlarmları, adətən, SCADA ekranında yuxarı hissədə yerləşir.

SCADA alarm səhifəsinə aid nümunə

SCADA alarmlarının müxtəlif növləri hansılardır?

SCADA alarmları onların ciddilik dərəcəsinə və göstərdiyi problemin xarakterinə görə kateqoriyalara bölünür. Bu bölünmə hər proses üçün fərqli olur. Müxtəlif alarm növlərini düzgün başa düşmək operatorlar üçün əhəmiyyətli bacarıqdır. Bununla onlar hansı alarmın daha vacib olduğunu müəyyənləşdirirlər. Beləliklə, ən kritik məsələlərin daha tez həll edilməsi təmin edilir. SCADA sistemlərində ən çox rast gəlinən alarm növləri bunlardır:

  • Proses alarmları
    Proses alarmları SCADA alarmlarının ən çox yayılmış növüdür. Onlar temperatur, təzyiq, səviyyə və ya axın kimi proses dəyişənlərində normadan kənara çıxmaları göstərir. Bu alarmlar operatorların sistemi tələb olunan iş diapazonunda saxlamasına kömək edir. Məsələn, əgər təzyiq sensoru müəyyən edilmiş həddən kənara çıxarsa, SCADA sistemi operatoru mümkün problem barədə xəbərdar etmək üçün alarm verir.
  • Avadanlıq alarmları
    Bu alarmlar SCADA mühitindəki konkret avadanlıqların nasazlığının əvvəlcədən qarşısının alınmasına yönəlib. Nasos, mühərrik, silindirlər və digər cihazlarla bağlı mexaniki, elektrik və ya proqram təminatı nasazlıqlarını göstərir. Məsələn, mühərrikin temperaturu təhlükəsiz iş hədlərini aşarsa, avadanlıq alarmı işə düşür və operatoru mümkün nasazlıq barədə xəbərdar edir.
  • Kommunikasiya alarmları
    Bu alarmlar SCADA sisteminin müxtəlif komponentləri arasında rabitə itkisi olduqda yaranır. Səbəb şəbəkə problemləri, qırılmış bağlantılar ola bilər. Kommunikasiya alarmları çox vacibdir, çünki rabitədəki hər hansı nasazlıq bütün SCADA sisteminin işini poza bilər və təhlükəsizlik riskinə gətirib çıxara bilər.
  • Status alarmları
    Status alarmları cihazın və ya sistemin vəziyyəti barədə məlumat verir. Məsələn, ventil açıqdır, yoxsa bağlıdır, nasos işləyir, yoxsa dayanıb, sistem avtomatik yoxsa manual rejimdədir. Bu alarmlar adətən avadanlığın performansına yox, onun iş vəziyyətinə nəzarət etmək üçün istifadə olunur.
  • Hadisə alarmları
    Hadisə alarmları sistemdəki konkret hadisələr və ya dəyişikliklər zamanı işə düşür. Məsələn, sistemin işə salınması, söndürülməsi, hesaba login/out edilməsi və s.

SCADA alarmları istənilən sənaye idarəetmə sisteminin mühüm hissəsidir və proseslərin təhlükəsiz və səmərəli işləməsini təmin edir. Proses, avadanlıq və ya kommunikasiya alarmları kimi müxtəlif növləri anlamaq operatorlara potensial problemlərə daha yaxşı reaksiya verməyə imkan yaradır. Bundan əlavə, alarmların müxtəlif ciddilik səviyyələrini tanımaq operatorların reaksiyalarını prioritetləşdirməsinə, riskləri minimuma endirməsinə və bahalı nasazlıqların qarşısını almasına kömək edir.

SON ƏLAVƏ OLUNANLAR