Avtomatlaşdırma sistemlərində tez-tez rast gəlinən 6 əsas nasazlıq

Avtomatlaşdırma və nəzarət sistemləri sənaye müəssisələrinin fasiləsiz və etibarlı işləməsi üçün əsas rol oynayır. Bu sistemlər insan müdaxiləsini minimuma endirsə də, tamamilə səhvsiz işləməsi mümkün deyil. İstənilən istehsalat prosesində müxtəlif səbəblərdən nasazlıqlar və problemlər yarana bilər. Bu problemlər həm insan amilindən, həm də texniki cihazlardan qaynaqlana bilər. Məsələn, operatorun səhvi, proqramlaşdırma xətası, aparat və ya şəbəkə nasazlığı, sahə cihazlarının sıradan çıxması və hətta zamanla avadanlıqların köhnəlməsi sistemin dayandırılmasına və istehsalatda ciddi fəsadlara səbəb ola bilər. Ona görə də bu risklərin vaxtında aşkarlanması, qabaqlayıcı tədbirlərin görülməsi və düzgün texniki xidmətin təşkil olunması böyük əhəmiyyət daşıyır.

Proqramlaşdırma səhvi

PLC, SCADA, HMI və digər avtomatlaşdırma cihazları düzgün proqramlaşdırılmalıdır. Amma həmişə proqram kodları ideal olmur. Bəzi vəziyyətlər gözdən qaçır. Proqramda olan səhv və ya gözlənilməyən xətalar sistem düzgün işləməməsinə səbəb olacaq. Misal üçün, istehsalat xətti saatda təxminən 5000 məhsul vermək gücündədir, amma proqramçı istehsal olunan gündəlik məhsulun sayını hesablamaq üçün INT tipində dəyər seçib və bu halda proqram maksimum 32767-ə qədər saya biləcək. Bu halda təxminən 6-7 saatdan sonra sayğac dəyərləri saya bilməyəcək. Bu halda

Qurğu (hardware) nasazlığı

PLC, HMI, VFD, SCADA kimi cihazlar fiziki nasazlığına məruz qala bilər. Bunun səbəbləri düzgün istifadə olunmaması, sərt mühit, qısaqapanma, elektrik şəbəkəsində nasazlıqlar və ya fiziki zərər ola bilər. Əgər ehtiyat hissələri yoxdursa, bu ciddi problemlərə səbəb olur və sistemin işləməsini dayandırır. Bu qurğuları təmir etmək də asan olmur və vaxt aparır.

Şəbəkə nasazlığı

Avtomatlaşdırma sistemləri əsasən router, sviç və kabel bağlantıları ilə məlumat mübadiləsi həyata keçirir. Güc kəsilməsi, zəif siqnal, aşağı keyfiyyətli kabel və ya kiberhücumlar sistemdə məlumat itkilərinə səbəb ola bilər.

Sahə cihazlarının nasazlığı

Sensor və aktuatorlar sistemi işlədən əsas cihazlardır. Ölçmələrdə xətalar, aşınma, kalibrasiya səhvi və ya fiziki ziyan səbəbindən nasazlıqlar baş verə bilər. Bu cihazlardakı xətalar proqramın səhv işləməsinə və prosesin düzgün aparılmamasına səbəb olur.

Yaşlanma ilə bağlı nasazlıq

Bütün cihazların müəyyən bir istismar müddəti olur, onların heç biri ömürlük deyil. Cihazlar zamanla köhnəlir. Pis baxım və cihazların ömrünün izlənilməməsi sistemin ciddi şəkildə sıradan çıxmasına səbəb olar bilər. Bu, hətta kiçik problemlər kimi görünə bilər, amma uzun müddətdə böyük qəzalar yaradır. Məsələn, sensorların daxilində yerləşən rezistorlar, kondensatorlar və ya pyezoelektrik kristallar zamanla sabitliklərini itirir və bu həssaslığın dəyişməsinə səbəb olur. Ölçmələrdə səhvlər ilk başlarda nəzərə çarpmır, amma zaman keçdikcə ciddi xətalar yaradır.

İnterfeys nasazlığı

Operatorlar HMI ekranını həmişə izləyir, müəyyən parametrləri dəyişir, komandalar verir. Zaman keçdikcə toxunma sensoru zəif işləyir, ekranda müəyyən qaralmalar yarana bilir. Həmçinin SCADA sisteminə bağlı kompüterdə də eyni problemlər baş verə bilir. Bəzən kiçik görünən xətalar zaman keçdikcə böyük dayanmalara və xərclərə səbəb olur.

SON ƏLAVƏ OLUNANLAR