Buxolz relesi necə işləyir?

Buxolz relesi böyük gücə malik (adətən 1 MVA-dan daha böyük güclü) yağla soyudulan transformatorlarda istifadə olunan xüsusi qoruyucu cihazdır. Bu rele yalnız üstündə əlavə yağ çəni olanlarda quraşdırılır.

Transformatorun içində hər hansı nasazlıq baş verdikdə (izolyasiya zədələnməsi, qısaqapanma, həddindən artıq qızma və s.) transformator yağı parçalanır və qaz yaranır. Daha ağır nasazlıqlarda isə yağ sürətlə hərəkət edir. Buxolz rele bu dəyişiklikləri hiss edir və transformatoru dövrədən ayırır.

Bu prosesə daha ətraflı baxaq:

Transformatorlarda yağın məqsədi həm soyutmanı, həm də izolyasiyanı təmin etməkdir. Yağın temperaturunun dəyişməsi nəticəsində həcminin artıb-azalmasını kompensasiya etmək üçün transformatorun üzərində əlavə çən quraşdırılır. Buxolz rele transformator və yağ çəni arasında boru üzərində yerləşdirilir.

Buxolz rele iki əsas hissədən ibarətdir: yuxarı hissədə üzgəc (float) və aşağı hissədə maneə lövhəsi (baffle plate) yerləşir. Kiçik nasazlıqlarda yağ tədricən parçalanır, qaz əmələ gəlir. Qaz relenin yuxarı hissəsində toplanır, yağ səviyyəsi düşür, üzgəc aşağı enir, burada yerləşən civə açarının normal açıq kontaktı bağlanır və xəbərdarlıq siqnalı verir.

Daha böyük nasazlıqlarda isə qısa zamanda çox böyük istilik və qaz əmələ gəlir. Birdən-birə qazın çox yaranması yağın sürətli hərəkətinə səbəb olur. Yağ axını relenin aşağı hissəsindəki maneə lövhəsini itələyir, lövhə hərəkət etdikdə civə açarının normal açıq kontaktı bağlanır. Bu halda transformator dərhal dövrədən ayrılır.

SON ƏLAVƏ OLUNANLAR