Təbiətdə bütün proseslər enerji vasitəsilə həyata keçirilir. Bütün canlı və cansız enerji sərf edərək iş görürlər. Yəni bir obyektin ölçüsü, sürəti, temperaturu dəyişirsə, deməli o enerji sərf edir. Məsələn, benzinlə işləyən avtomobil kimyəvi enerjini əvvəlcə istilik enerjisinə daha sonra isə mexaniki enerjiyə çevirir və avtomobil hərəkət etməyə başlayır. Biz yemək yeyəndə enerji qəbul edirik (bu, kimyəvi enerjidir) və gün ərzində bu enerjini müxtəlif hərəkətlərlə və ya zehni fəaliyyətlə istifadə edirik.
Ümumilikdə enerjinin növləri çoxdur, amma ən çox istifadə olunan forması elektrik enerjisidir. Çünki elektrik enerjisini uzaq məsafələrə daha az itki ilə ötürmək və digər enerjilərə çevirmək əlverişlidir.
İndi bu prosesin necə baş verdiyinə baxaq:
Kainatda kütləsi olan bütün maddələr 118 elementdən ibarətdir. Məsələn, su (H₂O) — 2 hidrogen və 1 oksigen atomunun birləşməsindən əmələ gəlir. Bor atom modelinə görə hər atom 3 hissədən ibarətdir: proton, neytron və elektron. Proton və neytron atomun mərkəzində (nüvədə) yerləşir və sayları dəyişmir. Elektronlar isə nüvənin ətrafında fırlanır. Məsələn, hidrogenin 1 protonu var.

Adi vəziyyətdə elektronların və protonların sayı bərabər olur, yəni atom neytral vəziyyətdə olur. Neytral vəziyyətdə atom elektrik enerjisi yarada bilmir. Ona görə, onda olan proton və elektronların tarazlığını dəyişmək lazımdır
Biz protonların sayını dəyişsək, onda elementin özü dəyişəcək. Məsələn, hidrogen atomunda 1 proton var, 2 proton etmək istəsək onda helium atomu alırıq. Bunu etmək özü də çox çətin və böyük enerji tələb edən prosesdi. Nüvə parçalanması (fission) və ya birləşməsi (fusion) kimi reaksiyalar aparılmalıdır. Bu proses Günəşdə və nüvə reaktorlarında baş verir.
Elektronlar isə nüvədən kənardadır, asan hərəkət edə bilir, enerji alır və ya itirirlər. Elektron sayını dəyişəndə atom neytral haldan çıxır və ion yaranır. Təbiətdə şimşək çaxanda bu hadisə baş verir. Müsbət və mənfi yüklü buludlar arasında güclü elektrik sahəsi yaranır.
- Müsbət ion (+) – Atom elektron itirəndə proton sayı elektron sayından çox olur, bu zaman o, müsbət yüklü ion adlanır. Həmçinin kation da adlandırılır.
- Mənfi ion (–) – Atom elektron qazandıqda proton sayı elektron sayından az olur, bu zaman o, mənfi yüklü ion adlanır. Mənfi yüklü ionlar həm də anion olaraq adlandırılır.

İki mənfi ion və ya iki müsbət ion bir-birini itələyir.
Amma biri müsbət, digəri mənfi olduqda onlar bir-birini cəzb edir.
Bütün elektrik texnologiyasının əsasını elektronların hərəkəti təşkil edir.







