Gərginlik, cərəyan və müqavimət əslində nədir?

Elektrik sahəsi ilə maraqlandıqda gərginlik, cərəyan və müqavimət terminlərinə hər yerdə rast gəlmək olur. Bunu izah edən çox düsturlar və nəzəriyyələr var. İndi mümkün qədər sadə formada buna baxmağa çalışacağıq.

Elektrik gərginliyini hərəkətə gətirən qüvvə kimi qəbul etmək olar. Məsələn, fərz eləyək ki, adamlar bir qapıdan keçməlidir. Əgər burada kimsə itələsə, adamlar daha çox irəliləyəcək. Bu qüvvəni gərginliyə bənzətmək olar. Həmin qapıdan keçən adamların sayını isə cərəyan kimi qəbul edirik. Qapının özünü və hərəkətə mane olacaq digər amilləri (məsələn, yolda olan əlavə əşyalar) müqavimət hesab edə bilərik.

Ən məşhur misal isə su ilə müqayisə etməkdir. Su borusundakı təzyiq nə qədər çox olsa, o qədər çox su hərəkət edir. Həmin təzyiq elektrik sahəsində gərginlik anlayışına uyğun gəlir. Suyun miqdarını cərəyan, borunun dar olmasını, əyilmələri və başqa mane olan amilləri də müqavimət kimi götürmək olar.

Gərginlik U və ya V hərfi ilə işarə olunur, ölçü vahidi Voltdur (V).

Cərəyanın hərfi işarəsi I-dir, ölçü vahidi Amperdir (A).

Müqavimət R hərfi ilə işarə olunur, ölçü vahidi Omdur (Ω).

Bu üç anlayış arasında bir asılılıq var:

U = I x R

Yəni, yuxarıdakı nümunə ilə desək, borunu darlaşdırsaq və eyni miqdarda suyun axmağını istəsək daha çox təzyiqə ehtiyac var.

Elektronlar da keçirici materiallarla hərəkət edir. Gərginlik vasitəsilə elektronlar hərəkət edir, müqavimət bu hərəkətə mane olur. Elektronların hərəkətinə cərəyan deyilir.

SON ƏLAVƏ OLUNANLAR