Datasheet cihazın texniki xüsusiyyətlərini və parametrlərini əks etdirən sənəddir. Azərbaycanca texniki pasport və ya məlumat vərəqi demək olar. Amma, demək olar ki, bütün istehsalçılar bunu elə datasheet olaraq adlandırırlar. Datasheet cihazın işləməsi üçün tələb olunan elektrik parametrlərini, fiziki ölçülərini, ətraf mühitə uyğun olub-olmamasını göstərir.
Bu sənəd istehsalçının özü tərəfindən hazırlanır və adətən onlayn resurslarda pulsuz paylaşılır. Datasheet quraşdırma zamanı vaxt itkilərinin qarşısını alır. Sistemdə quraşdırılan digər komponentlərlə uyğun olub-olmamasını kömək etmək üçün istifadə olunur. Həmçinin diaqnostika və texniki servis üçün bu sənəd istifadə oluna bilir.
Datasheetdə adətən aşağıdakı məlumatlar qeyd olunur:
- Modelin və məhsulun dəqiq nömrəsi
- Məhsulun qısa təsviri
- Elektrik parametrləri
- Elektrik bağlantı tipi
- Fiziki ölçüləri
- Materialı
- Montaj tipləri
- İşləmə temperaturu
- Ətraf-mühit şərtləri
- Ölçmə həssaslığı/diapazonu
- Reaksiya müddəti
- Uyğunluq sertifikatları
Datasheet və manuallar (instruksiya, təlimat kitabçası) bir-birinə oxşar sənədlərdir. Bəzi hallarda təkrarlanan məlumatlar da olur. Datasheetlərdə olan məlumatlar əsasən texniki göstəricilərlə bağlı olur, manuallarda isə daha çox istifadəsinə uyğun məlumatlar qeyd olunur. Bəzi istehsalçılar bu iki sənədi birləşdirirlər.
Aşağıda SIEMENS firmasının SIRIUS brendinə aid 3RN2000-2AA30 nömrəli termistor relesinin datasheetinə baxaq. Mühərriklərə quraşdırılmış termistorlar bu relelərə bağlanır və mühərrik çox qızdıqda rele “tripped” rejiminə keçir və çıxış kontaktını dəyişir.


Datasheetdə modelin adı, funksiyası, hansı gərginliklə işlədiyi, reset funksiyasının necə işlədiyi, kontaktlarının materialı qeyd olunub. Ən xırda məlumatlara qədər datasheetdə göstərilib. Məsələn, mechanical service life (operating cycles) typical parametri – 10 000 000 qeyd olunub, yəni bu rele təxminən 10 000 000 dəfə reaksiya verə bilir. Buradan datasheetin tam versiyasına baxmaq olar.
Başqa nümunəyə baxaq. Şəkildə Elk Motor firmasına aid mühərriklərin kodlaşdırılması göstərilib:

Bu şəkildə 4 EL 160 M 4 E PD BA 000 kodlu mühərrik nümunəsi göstərilib. Məsələn, burada ilk yerdə yazılan 4 rəqəmi əvəzinə 2 rəqəmi yazılsa, bu mühərrikin IE2 enerji sinfinə aid olduğunu göstərir. 5-ci yerdəki 4 rəqəmi isə qütblərinin sayını bildirir. Bu rəqəmlər istehsalçının özü tərəfindən müəyyənləşdirilir və hər bir istehsalçı üçün fərqli ola bilir. Bu kataloqun tam versiyasında hər bir yazılan ölçü və ilə bağlı ətraflı məlumat qeyd olunub. Məsələn, PD – B3 ayaqlı bağlamanı bildirir, bu məlumat tam olaraq informasiya vermir. Amma növbəti səhifələrdə həmin bağlantı şəklinin çertyoju göstərilib.
Yuxarıda baxdığımız iki nümunədə fərqli cəhət var. Məsələn, SIEMENS firmasının relesində yalnız bir məhsul koduna aid bütün texniki göstəricilər bir sənəddə qeyd olunub. Amma Elk Motor firmasında mühərriklərin kod adlandırılması nümunəsi verilib və növbəti səhifələrdə hər göstəricinin nəyi bildirdiyi əhatəli qeyd olunub. Bir istehsalçı oxşar çox məhsul istehsal etdikdə adətən bir datasheetdə hamısı qeyd olunur. Amma əgər məhsul unikaldırsa, yəni oxşar məhsul yoxdursa, bu halda bir sənəddə həmin avadanlığa aid bütün məlumatlar qeyd olunur.








