Yollarda olan elektrik xətlərinin üzəri izolyasiyasız olur. Bunun bir neçə səbəbi var:
- İzolyasiya etmək maliyyə cəhətdən baha olacaq.
- Yüksək gərginlik olduğuna görə izolyasiya etmək çox qalın olmalıdır. Bu da xətlərdə əlavə ağırlıq yaradacağı üçün uyğun olmayacaq.
- Əslində izolyasiya etməyə çox da ehtiyac yoxdur. Çünki elektrik xətləri yerdən kifayət qədər hündürlükdə quraşdırılır. Təhlükəsizlik baxımından kifayət qədər uyğun hesab olunur. Təyyarə və helikopterlər üçün alçaqdan uçan zaman həmin elektrik xətlərini görə bilməyə bilərlər. Bunun qarşısını almaq üçün elektrik xətlərinin üzərində işarə məqsədi ilə iri rəngli toplar istifadə olunur. Elektrik xətləri ilə təmasda ola biləcək canlılar, əsasən, quşlar olur. Onlar elektrik xətlərinin üzərinə qonurlar amma bu təhlükəsiz hesab olunur çünki onları elektrik cərəyanı vurmur. Bunun səbəbi gərginlik anlayışının nə olduğu ilə əlaqəlidir. Gərginlik 2 nöqtə arasında olan potensiallar fərqidir. Elektrik xətləri boyunca eyni fazada olan nöqtələrin gərginlikləri bərabərdir. Quşların hər iki ayaqlarının bərabər gərginlik üzərində olduğu üçün potensiallar fərqi sıfıra bərabərdir. Quşları yalnız elektrik xətlərinin dirəklərinə və ya torpaqlanmış hissələrə toxunduqda cərəyan vura bilər. Çünki bu zaman faza ilə torpaq arasında dövrə yaranır. Gərginlik də iki nöqtə arasında potensiallar fərqi olduğu üçün onları elektrik cərəyanı vurur.








