Konveyor lentləri sənayenin bir çox sahəsində istifadə olunur. Çox əhəmiyyətli olduqları üçün onların düzgün işləməsini də təmin etmək lazımdır. Bunun üçün ən çox istifadə olunan elementlərdən biri belt sway sviçdir. Tərcümə etsək, “lent yayınma açarı” adlandırmaq olar. Bu qurğu həm lentin, həm də işçilərin təhlükəsizliyini təmin edir.
Bu sviçlərin məqsədi konveyor lentinin düzgün istiqamətdə hərəkətinə nəzarət etməkdir. Belt sway sviçləri quruluşuna və iş prinsipinə görə adi limit sviçlərinə oxşayır. Amma ənənəvi limit sviçləri bu funksiyanı yerinə yetirə bilmirlər. Belt sway sviçləri iki hissədən ibarət olur: hərəkətli mexanizm və ona bağlı işləyən elektrik kontaktları. Lentdə sağa və ya sola sürüşmə olduqda onların NO/NC elektrik kontaktları vəziyyətini dəyişdirir. İstehsalçıdan asılı olaraq iş prinsiplərində və dizaynında müəyyən fərqlər ola bilər. Lent bu sviçi əydikdə xəbərdarlıq siqnalı göndərir və ya konveyoru birbaşa dayandırır.
Belt sway sviçləri adətən konveyorun başlanğıc və son hissələrində, dönmə hissələrində quraşdırılır. Konveyor lentinin üzərində yük bərabər paylanmayanda və ya mexaniki nasazlıqlar nəticəsində lent bir tərəfə meyil edə bilir. Bu sviçlər həmin problemi tez aşkar edir və həm lentin zədələnməsinin, həm də məhsulun dağılmasının qarşısını alır. Yaranmış problem aradan qaldırıldan sonra sviçin hərəkətli mexanizmi əvvəlki vəziyyətinə qayıdır və avtomatik olaraq resetlənir.
Sviçi ilk olaraq quraşdırdıqda düzgün mövqedə olmağını mütləq test eləmək lazımdır. Əgər sviç lentdən uzaqda yerləşdirilsə, ya gec reaksiya verəcək, ya da ümumiyyətlə, nasazlığı aşkar edə bilməyəcək. Lentdən hansı məsafədə yerləşdirilməli olduğunu nəzəri olaraq demək mümkün deyil. Burda bir çox amilləri nəzərə almaq və testlər apararaq ideal ölçünü tapmaq lazımdır.









