Kirxhofun cərəyanlar və gərginliklər qanunu elektrik dövrələrini bilmək və işləmək üçün vacib məsələlərdir. Bu qanunları mümkün qədər sadə formada anlamağa çalışaq.
Kirxhofun cərəyanlar qanunu belə ifadə olunur: Naqillərin birləşdiyi nöqtəyə daxil olan cərəyanların cəmi çıxan cərəyanların cəminə bərabərdir. Yəni sadə dildə desək, həmin nöqtəyə nə qədər cərəyan girirsə, o qədər də cərəyan çıxır.
Su ilə analogiya aparıb daha yaxşı anlamağa çalışaq. Bir boru sistemi var və birləşmə nöqtəsinə üç istiqamətdən boru gəlir və iki yerə paylanır. Bu halda həmin birləşmə yerinə daxil olan və çıxan suyun miqdarı eyni olmalıdır. Çünki su itkiyə getmir. Elektronlarda da oxşar məntiq var, onlar da yoxa çıxmır sadəcə hərəkət edirlər.
Kirxhofun gərginliklər qanunu: Qapalı elektrik dövrəsində bütün gərginliklərin cəmi sıfır olur. Yəni dövrəyə verilən və istifadə olunan (itirilən) enerjinin cəmi sıfırdır. Məsələn, 12 V-luq batareyaya 2 ədəd lampa qoşmuşuqsa, həmin 2 ədəd lampanın istifadə etdiyi gərginliyin cəmi 12 V olacaq. Kirxhofun gərginliklər qanunu enerjinin saxlanma qanuna oxşayır, yəni qapalı dövrədə enerji yaranmır və itmir, sadəcə formasını dəyişir.








