Torpaqlama və neytral xəttinin fərqi

Məişət cihazlarının elektrik kabelində çox vaxt üç çıxış görürük. Onlardan ikisi qidalanma üçün olur və adətən L (Line) və N (Neutral) ilə işarə olunur, yəni faza və neytral (loru dildə desək, “nol”). Bunlardan əlavə bir ədəd çıxış da olur və adətən sarı-yaşıl rəngdə olur. Buna torpaqlama xətti deyilir, çox vaxt PE (protective earth) olaraq adlandırılır.

L, yəni faza adlandırdığımız xətt transformatorun çıxış sarğısının gəlir. N xətti isə transformatorun neytral nöqtəsindən gəlir. Neytral xətti transformatorun yaxınlığında torpağa birləşdirilir və məqsədi sabit 0 nöqtəsini təmin etməkdir. N xəttinin torpağa birləşdiyi nöqtə “grounding” adlanır. L və N xətti ikisi birgə cihazı qidalandırır, yəni işlədir.

PE, yəni torpaqlama xətti də torpağa birləşdirilir. Bu cəhətdən neytral xəttinə oxşayır, yəni hər ikisi torpağa bağlıdır. Amma PE xətti həmin N xəttindən fərqli iş görür. Avadanlıqların PE xətti qurğunun işləməsinə xidmət etmir. Bu qurğunun korpusuna bağlı olur. Məsələn, qurğunun korpusu metaldırsa, onun daxilində hər hansı cərəyan sızması olsa, səthindən keçmir, torpaqlama xətti ilə torpağa gedir. Korpusu plastik olan cihazlarda PE bağlantısı olmaya bilər.

Əgər multimetrlə L və N xəttini, həm də L və PE xəttini ölçsək hər iki halda ≈ 230 V AC gərginlik görəcəyik. N və PE xəttini ölçsək kiçik fərq görə bilərik ≈ 5 V AC.

Üç fazalı qurğularda bu daha çox əhəmiyyətlidir. Xüsusən mühərriklərin korpusları metaldan olur və onların torpaqlanmaması böyük problemlər yarada bilər. Bəzi idarəetmə qurğuları, məsələn bəzi markalara aid VFD-lər torpaqlama xətti olmadan qoşulmurlar.

SON ƏLAVƏ OLUNANLAR