Mühərrik idarəetməsində VFD-lərin rolu

Mühərriklər sənayenin hər yerində istifadə olunur. Onlar hər yerdə və hər zaman eyni sürətlə fırlanmırlar. Prosesin gedişindən asılı olaraq sürətlərini tənzimləmək lazım olur. Bu işi tez-tez invertor adlandırdığımız, əsl adı Variable Frequency Driver (VFD) adlanan Dəyişəbilən Tezlik Sürücüləri görür.

VFD-lər əvvəlcə şəbəkədən gələn dəyişən cərəyanı sabit cərəyana çevirir. Daha sonra çevrilmiş sabit cərəyan istədiyimiz tezliyə uyğun dəyişən cərəyana çevrilir və bunun hesabına mühərrikin fırlanma tezliyini dəyişə bilirik. VFD-lər mühərrikin gücünə uyğun olaraq quraşdırılır. Mühərrikin gücündən az gücdə olan VFD istifadə etmək olmaz.

VFD-lər mühərrikin fırlanma tezliyini dəyişdirməkdən əlavə funksiyalara da malik olurlar. Məsələn, VFD özü mühərrikin qorunmasında böyük rol oynayır. Overload, qısaqapanma hallarında mühərriki qorumaq üçün dərhal alarm siqnalı verir və mühərriki dayandırır. Həmçinin, əlavə parametrlərlə mühərrikin tam sürətini tədricən yığmağını və tədricən dayanmasını təmin etmək olar. Tədricən, yəni yumşaq başlama və dayanma xüsusiyyəti mühərrikin işəburaxma cərəyanını azaldır, mexaniki zədələnmələrdən qoruyur.

VFD-lər həm düymələrlə, həm də SCADA sistemləri ilə idarə oluna bilər. Bir çox hallarda SCADA və ya HMI vasitəsilə idarə olunur və operator uzaqdan mühərriki həm idarə edə, həm də sürətini tənzimləyə bilir.

VFD modellərinin sayı çoxdur. Hər VFD-nin öz datasheeti və təlimat kitabı var. VFD-ni seçərkən elektrik parametrlərinə, ölçülərinə, funksiyalarına diqqətlə nəzər salmaq lazımdır. Bəzən xırda detallara fikir verməmək ciddi gecikmələrə gətirib çıxara bilir. VFD-nin gücünün düzgün seçilməməsi və ya ölçülərinə diqqət yetirilməməsi quraşdırılma zamanı problemlər yarada bilir.

SON ƏLAVƏ OLUNANLAR