İnterloklar bəzi funksiyaların yerinə yetirilə bilməsi üçün müəyyən şərtlərdir. Daha sadə dildə desək, bir işi görmək üçün əvvəl başqa bir addımı atmalıyıq. Məsələn, avtomobili “P” rejimindən çıxarmaq üçün əvvəlcə əyləci basmalıyıq. Sənaye avadanlıqlarında interloklar daha çox olur. İnterlokların əsas məqsədi təhlükəsizliyi və düzgün idarəetməni təmin etməkdir.
Sənaye avadanlıqlarında müxtəlif hissələr arasında asılılıq yaratmaq üçün interloklardan istifadə olunur. Bunun ən geniş yayılmış nümunəsi mühərrikin irəli-geri hərəkət dövrəsidir. Burada irəli və geri hərəkət etdirmək üçün olan kontaktorların girişi bir-birlərinin normal qapalı kontaktlarından keçirilir. Beləliklə, bir istiqamətə hərəkət dayanmamış digər istiqamətə hərəkət başladıla bilmir.
Digər geniş yayılmış nümunə istehsalat avadanlıqlarının hərəkətli hissələrini örtən qapılar üzərində quraşdırılmış sviçlərdir. Bu sviçlər yerində olmayanda avadanlığı qoşmaq olmur. Həmçinin oxşar vəziyyət elektrik şkaflarının qapılarında da olur. Şkafın qapısında sviç olur və qapı açıq olanda avadanlığa start vermək mümkün olmur.
Bir neçə konveyordan ibarət olan sistemlərdə də belə interloklara rast gəlmək olur. Adətən bu sistemlər qoşulanda prosesin sonundakı konveyor birinci olaraq qoşulur.
Çən, boru sistemlərində klapanlar interlok funksiyasını yerinə yetirir. Məsələn, drenaj xətti bağlı olmadıqda hər hansı prosesə başlamaq olmur. Çünki proses məhsulu itkiyə gedə bilər. Və ya çənin giriş və çıxışındakı klapanlar bağlı olmadıqda mikser işə düşməyə bilər. Nasosun giriş və çıxışındakı klapanlar açıq olmadıqda, nasos işə düşə bilmir.
Yuxarıda yazdıqlarımız sadəcə nümunələrdir. Prosesin gedişindən asılı olaraq fərqli ola bilər. Əsas məsələ interlok anlayışının niyə vacib olduğunu başa düşməkdir. HMI və SCADA sistemlərində hansısa avadanlığın qoşulmaması səbəbi olaraq interlok göstərilibsə, burda hər hansı texniki nasazlıq axtarmaq lazım deyil, prosesi analiz etmək lazımdır. Bəzi SCADA-lar interlok səbəbini birbaşa göstərir, bəzilərində isə əlavə pəncərəyə baxmaq lazımdır. İstənilən halda prosesi düzgün bilmək çox önəmlidir.







