Mühərrik niyə iki fazaya düşür?

3 fazalı asinxron mühərrikin işləməsi üçün 3 fazalı elektrik enerjisi ilə qidalanmalıdır. Bu 3 faza birlikdə statorda fırlanan maqnit sahəsi yaradır və bu sahə rotoru fırladır. Əgər bu 3 fazadan biri hər hansı səbəbdən itsə, mühərrik iki faza ilə işləməyə məcbur olur.

Əgər mühərrik işlədiyi anda bu itki baş verərsə, onda mühərrik dərhal dayanmayacaq, fırlanmağa davam edəcək. Amma bu, normal vəziyyət hesab olunmur. Bu halda mühərrik titrəməyə başlaya bilər. Həmçinin bir faza itərsə, digər iki fazaya düşən cərəyan təxminən 1.5-2.5 dəfə artacaq. Nəticədən sarğılar normadan çox qızacaq, izolyasiyası zədələnəcək və mühərrikin yanma riski yaranacaq.

İki fazaya düşən mühərrik ağır yükləri fırlada bilmir. Maqnit sahəsi sabit olmadığı üçün səs və vibrasiya yaranır.

Əgər mühərrik dayanmış vəziyyətdədirsə və bir faza yoxdursa, mühərrik işə düşməyəcək. Çünki bu halda fırlanan sabit maqnit sahəsi yarana bilmir və başlanğıc momenti yoxdur.

Faza itkisinin baş verməsinin bir çox səbəbi ola bilər. Adətən, mühərrikin avtomatında bir faza keçməyə bilər. Elektrik kabellərinin birində zədələnmə ola bilər. Kontaktorda problem ola bilər.

Bu riskin qarşısını almaq üçün mühərriklərə termik rele və faza nəzarət relesi quraşdırıla bilər. Termik rele mühərrik 2 fazaya düşəndə sarğıdan keçən cərəyan artdığı üçün mühərriki dövrədən ayıracaq. Faza nəzarət relesi isə hər hansı faza itkisini aşkar edib mühərriki dayandıracaq.

Əgər nasos lazımi təzyiqi vermirsə, konveyor yavaş fırlanırsa və kompressor zəif işləyirsə, burada elektrik mühərrikində faza itkisi ehtimalı mövcuddur. Mühərrikdən ənənəvi olmayan uğultu gəlirsə, daha çox qızırsa və hətta bəzən yanıq qoxusu gəlirsə, bu halda da fazalardan biri itmiş ola bilər.

SON ƏLAVƏ OLUNANLAR