Kaizen: istehsalatda davamlı yeniliklər

Kaizen yapon dilindəki “kai” (Azərbaycanca: dəyişiklik) və “zen” (Azərbaycanca: daha yaxşı) sözlərinin birləşməsindən yaranıb. Məqsəd istehsalatı kiçik, amma davamlı dəyişikliklərlə daha yaxşı vəziyyətə gətirməkdir. Kaizen ideyasının əsas məqsədləri istehsalat sektorunda xətaları azaltmaq, itkiləri aradan qaldırmaq, məhsuldarlığı artırmaq, işçiləri məqsədli olmağa və hesabat verməyə həvəsləndirmək, yenilikləri tətbiq etməkdir.

Kaizenin 10 əsas prinsipi

  • Problemlərin həllində fəal olun
  • Köhnə, ənənəvi qaydalardan uzaqlaşın
  • Mövcud vəziyyəti qəbul etməyin
  • Mükəmməlçilikdən uzaq olun, kiçik dəyişikliklər edin
  • Səhvləri tapdıqca həll yollarını fikirləşin
  • Hər kəsin töhfə verə biləcəyini hiss etdiyi mühit yaradın
  • Bir neçə nəfərdən məlumat alın və fikirlərini öyrənin
  • Qərar verməmişdən qabaq kök səbəbi tapmaq üçün 5 dəfə “niyə?” sualı verin
  • Ucuz və kiçik təkmilləşdirmələr tapmaq üçün yaradıcı yanaşmağa çalışın
  • Heç vaxt təkmilləşməyi dayandırmayın

Kaizenin icrası

Kaizen prosesini icra etməyin sabit, yeganə yolu yoxdur. Dünyanın hər yerində Kaizen hadisələrini öz ehtiyaclarını qarşılamaq üçün müxtəlif üsullarla formalaşdırırlar. Kaizenə yeni başlayırsınızsa, planla-et-yoxla-icra et (plan-do-test-act, PDTA) çərçivəsi məşhurdur və tez-tez istifadə olunur.

  1. Planla

Gündəlik prosesi çox yaxşı bilən şəxslərlə danışın, problemləri və çətinliklərdən məlumatlı olun.

Problemi müəyyən edin və analiz edin. Hansı mövzu üzərində işləyəcəyinizə qərar verəndə onu hissələrə ayırın və prosesdəki darboğazı tapın.

Nəticəni necə ölçəcəyinizi müəyyənləşdirin. Bu məlumat olmadan həll yolunu tapandan sonra nəticələri analiz etmək mümkün olmayacaq.

Hədəfi müəyyənləşdirin. Hədəfə çatmaq üçün lazım olan addımları və proseslərin yekun siyahısını hazırlayın. Problemi həll etmək üçün komanda işi görün. Həllərin üsulunda məhdudiyyət olmamalıdır. İşçilərin yaradıcılıqlarını istifadə etməsinə imkan yaradın. Ən yaxşı həll yolunu seçin və başlayın.

2. Et

Seçdiyiniz həll yolunu test etmək üçün onu kiçik bir prosesdə yoxlayın. Bütün komanda üzvlərinin dəyişiklikdən məlumatlı olmasına əmin olun. Test prosesindən lazımi məlumatları əldə etmək üçün uzun müddət işləməsinə şərait yaradın.

3. Yoxla

Başda seçdiyiniz ölçü metodlarını istifadə edərək testinizdən məlumatlar toplayın. İşçilərlə və komandanın digər üzvləri ilə bunu müzakirə edin. Onların adətən ölçülmüş məlumatlarda gözəçarpmayan fikirləri ola bilir.

4. İcra et

Əgər test uğurludursa, tətbiq etdiyiniz təkmilləşməni uyğun olan bütün proseslərə tətbiq edin. Yox, əgər uyğun deyilsə, problemlər aşkar olunubsa, həll yolu işləməyibsə, prosesi təkmilləşdirin və yeni sınaqlar həyata keçirin və ya digər həll yolu tapın və yenidən yoxlayın.

Bu, dövri proses olmalıdır. Təkmilləşmə heç vaxt dayanmır. Daha çox həll yolu tapmağa çalışın.

SON ƏLAVƏ OLUNANLAR