Qida, içki, əczaçılıq, təmizləyici məhsullar sahəsində işləyirsinizsə, təmizləmə prosesinin nə qədər əhəmiyyətli olduğunu bilirsiniz. Bu prosesə laqeyd yanaşmaq ağır nəticələrə səbəb ola bilər: zərərli məhsullar, istehsalatda gecikmələr, istehsalat itkiləri və s. İstehsalat mütəxəssisləri bu riskləri minimallaşdırmaq üçün avadanlıqların təmizləmə üsullarını təkmilləşdirirlər. Clean In Place (CIP) və Clean Out of Place (COP) sistemləri bu prosesdə böyük rol oynayır.
CIP sistemləri
CIP sistemləri adətən texnoloji avadanlıqların daxili səthlərinin təmizlənməsi üçün nəzərdə tutulub. Məsələn, çənlər, borular, nasoslar bu vasitə ilə təmizlənə bilər.

CIP sisteminin bəzi üstünlükləri:
- Əl ilə təmizləmədən daha sürətlidir
- Daha az işçi əməyi istifadə edir, sökülməsinə və yenidən yığılmasına ehtiyac yoxdur
- Davamlı yaxşı nəticələr
- Kimyəvi təsirə məruz qalma riskinin az olması, işçilər üçün daha təhlükəsiz olması
- Su və kimyəvi xərclərin idarəedilməsində effektiv kömək edir.
CIP sistemlərinin mənfi cəhəti ilkin quraşdırılma mərhələsində çox xərc tələb etməsidir.
COP sistemləri
COP sistemləri CIP sistemlərinin təmas edə bilmədiyi avadanlıq hissələrini təmizləmək üçün istifadə olunur. Avadanlığa daxil olan fitinqlər, sıxaclar, nümunə götürmək üçün qablar, filterlər və digər elementlərin yuyulması COP sistemləri vasitəsilə həyata keçirilə bilər. Həmçinin kiçik, mürəkkəb, təmizlənməsi çətin olan hissələr də sökülərək bu sistem vasitəsilə təmizlənə bilər.

COP sistemlərinin bəzi üstünlükləri
- Çox vaxt CIP sistemlərindən daha az investisiya tələb edir
- Davamlı olaraq nəticə verə bilir
- Əl ilə təmizləmədən daha çox faydalıdır, zaman, su və kimyəvi maddə cəhətdən qənaətcildir
- Operatorun isti və kimyəvi məhsulla təmasını minimuma endirir
COP sisteminin çatışmayan cəhətləri CIP-ə nisbətən daha çox insan əməyindən istifadə olunması və COP çəninin doldurulub-boşaltma prosesinin olmasıdır.








