Ümumilikdə, temperatur kontrolleri üçün əsas götürülən iki dəyər var: PV (Process Value) və SV (Set Value)
PV – Process Value – kontrollerə qoşulu olan temperatur ölçən sensorun ölçdüyü temperaturu göstərir.
SV – Set Value – bu dəyəri özümüz təyin edirik, bu dəyərə çatana qədər kontrollerin çıxışı (out) aktiv olur.
Temperatur kontrollerinin 2 rejimi var: Heating (isitmə) və cooling (soyutma)
Heating rejimi – adından da göründüyü kimi temperatur sensorunun ölçdüyü PV dəyərini öncədən biz tərəfdən təyin edilmiş SV dəyərinə çatana qədər çıxışı aktiv edir. Məsələn, SV = 40 °C və PV = 25 °C olanda çıxış (out) aktiv olur çünki 25 °C-in qızaraq 40 °C-ə çatmasına hələ var.
PV dəyəri SV dəyərinə çatdıqdan və o dəyəri keçdikdən sonra çıxış (out) aktiv olmur. Məsələn, SV = 40 °C və PV = 47 °C olduğu zaman çıxış aktiv olmur.
Cooling rejimi – bu rejim də həmçinin temperatur sensorunun ölçdüyü PV dəyərini öncədən biz tərəfdən təyin edilmiş SV dəyərinə çatana qədər çıxışı aktiv edir. Heating rejimindən fərqi odur ki, heating rejimində məqsəd temperaturu artırmaqdır, cooling rejimində isə məqsəd temperaturu azaltmaqdır. Hər iki rejimdə çıxış PV dəyəri SV dəyərinə çatana qədər aktiv olur. Məsələn, SV = 0 °C və PV = 25 °C olanda çıxış (out) aktiv olur çünki 25 °C-in soyuyaraq 0 °C-ə çatmasına hələ var.
PV dəyəri SV dəyərinə çatdıqdan və o dəyərdən aşağı düşdükdən sonra çıxış (out) aktiv olmur. Məsələn, SV = 0 °C və PV = -40 °C olduğu zaman çıxış aktiv olmur.

W3230 mikrokompüter temperatur kontrollerinə gəldikdə isə ekranında yandırıb söndürmək (on/off) üçün restart düyməsi, çıxışı (out) göstərən qırmızı LED, SV dəyərini və digər parametrləri tənzimləmək üçün set düyməsi və parametrləri dəyişmək üçün ⬆️ və ⬇️ düymələri mövcuddur.
Öncəliklə, SV dəyərini dəyişmək üçün set düyməsini qısa şəkildə basıb ⬆️ və ⬇️ düymələri ilə artırıb azalda bilirik. Əlimizi set düyməsinə 3-5 saniyə basılı saxladığımız zaman kontrollerin digər funksiyalarından istifadə edə bilirik.
Set düyməsini 3-5 saniyə basılı saxlayanda öncə P0 parametrini görürük. P0 H – yəni kontroller heating rejimindədir. Kontrolleri cooling rejiminə ayarlamaq üçün ⬆️ və ya ⬇️ düymələrinin birindən istifadə edəcəyik. Daha sonra set düyməsinə basırıq və P1 parametrini görürük.
- P1 – hysteresis parametridir. Bir nümunə üzərindən izah edək. Məsələn, heating rejimində SV = 40 °C və hysteresis parametrini 5 °C etdiyimiz zaman PV = 37 °C olanda kontrollerin çıxışı aktiv olur. PV dəyəri 40 °C keçdiyi zaman çıxış aktiv olmur, lakin PV dəyəri 40 °C-dən düşən anda (məsələn, 37 °C-də) çıxış yenidən aktiv olmur. Çünki hysteresis parametrini olaraq 5 °C etmişik və çıxış 35 °C-də (40-5=35) yenidən aktiv olacaq.
- P2 – upper limit – bu rejimdə bir dəyər təyin etdikdən sonra SV dəyərini bu dəyərdən yuxarı təyin edə bilmirik.
- P3 – lower limit – bu rejimdə bir dəyər təyin etdikdən sonra SV dəyərini bu dəyərdən aşağı təyin edə bilmirik.
- P4 – offset – bu dəyəri temperatur sensorunun ölçdüyü PV dəyərinin müəyyən qədər aşağı və ya yuxarı olduğunu dəqiq bildiyimiz zaman xətanı aradan qaldırmaq üçün istifadə edirik ki, kontroller temperaturu doğru bilsin. Temperatur sensorunun 2 °C aşağı ölçdüyünü bildiyimiz zaman offset dəyərini +2, temperatur sensorunun 2 °C yuxarı ölçdüyünü bildiyimiz zaman offset dəyərini -2 olaraq təyin edib xətanı aradan qaldırırıq.
- P5 – bu parametr PV lazım olan dəyərdə olduğu zaman kontrollerin çıxışını neçə dəqiqə sonra aktiv etmək üçün istifadə olunur. Məsələn, P5 4 olaraq təyin olunduğu zaman çıxış 4 dəqiqə sonra aktiv olacaq.
- P6 – yüksək temperatur alarmı – PV dəyəri bu parametr üçün təyin olunmuş dəyəri keçdiyi zaman PV dəyərinin göstəricisi itir və yerində — görünür.
- P7 parametrini aktiv (on) etdikdən sonra kontrollerin heç bir parametrində dəyişiklik etmək olmur, ta ki P7 parametrini off edənədək.
- P8 parametrini aktiv (on) etdiyimiz zaman kontrollerin parametrləri zavod dəyərlərinə qayıdır.








