Sənayedə istifadə olunan avadanlıqların, boru xətlərinin, qaynaq birləşmələrinin, metal konstruksiyaların və digər qurğuların vəziyyətini yoxlamaq lazımdır. Bəzən avadanlığın daxilində və ya səthində gözlə görünməyən çatlar, boşluqlar və digər qüsurlar yarana bilər.
Bu qüsurları müəyyən etmək üçün dağıdıcı olmayan müayinə üsullarından istifadə olunur. İngilis dilində bu üsullar Non-Destructive Testing (NDT) adlanır.
Dağıdıcı olmayan müayinə prosesində material və ya avadanlıq zədələnmir. Yəni müayinə başa çatdıqdan sonra həmin detal və ya avadanlıq öz işində istifadə oluna bilər.
Boru xəttinin və ya metal konstruksiyanın üzərində çat əmələ gəldiyini düşünək. Bu çat ilk baxışdan görünməyə bilər, amma vaxtında aşkar edilməsə, gələcəkdə daha böyük problem yarada bilər. NDT üsulları vasitəsilə belə qüsurlar əvvəlcədən aşkar edilə bilər. Beləliklə, avadanlığın təhlükəsizliyi artır, qəza riski azalır, təmirə ehtiyacı olan hissələr müəyyənləşdirilir. Həmçinin qüsurlar əvvəldən aşkar ediləndə təmir xərcləri də azalır.
Dağıdıcı olmayan müayinənin bir neçə əsas üsulu var. Hər üsul müxtəlif növ qüsurların aşkarlanması üçün istifadə olunur.
- Vizual müayinə (Visual Testing) sadə NDT üsullarından biridir. Bu zaman avadanlığın və ya detalın səthi gözlə və ya xüsusi optik vasitələrlə yoxlanılır. Məqsəd səthdə olan çatları, korroziyanı, deformasiya və digər görünən problemləri müəyyən etməkdir. Məsələn, qaynaq birləşməsinin səthində çat və ya düzgün olmayan qaynaq sahəsi varsa, vizual müayinə zamanı aşkar edilə bilər. Bu üsul sadə və ucuz olsa da, materialın daxilində yerləşən qüsurları aşkar etmək mümkün deyil.
- Ultrasəs müayinəsində (Ultrasonic testing) materialın daxilinə yüksək tezlikli səs dalğaları göndərilir. Səs dalğaları materialın daxilində hərəkət edir. Dalğalar çat və ya başqa qüsurla toqquşduqda bir hissəsi geri qayıdır. Cihaz bu siqnalı qəbul edərək qüsurun təxmini yeri və ölçüsü haqda məlumat verir.
- Radioqrafik müayinə (Radiographic testing) zamanı X-şüaları və ya qamma şüalarından istifadə edilir. Şüalar materialdan keçir və xüsusi detektor üzərində görüntü yaradır. Materialın daxilində boşluq, çat və ya digər qüsur varsa, həmin hissə görüntüdə fərqli görünür. Bu üsul rentgen müayinəsinə oxşayır.
- Burulğanlı cərəyan müayinəsində (Eddy current testing) elektromaqnit sahəsi istifadə olunur. Xüsusi prob materialın yaxınlığında hərəkət etdirilir və materialda burulğan cərəyanları yaranır. Materialda qüsur olduqda cərəyanların xüsusiyyətləri dəyişir. Cihaz həmin dəyişiklikləri qeyd edir və ehtimal olunan qüsurlar haqda məlumat verir.
- Maqnitorezistor çeviricisi ilə müayinə (Magnetoresistor sensor testing) prosesində maqnit sahəsindəki dəyişikliklər elektrik siqnalına çevrilir. Materialda çat, korroziya və ya digər qüsur olduqda onun maqnit sahəsi dəyişə bilər. Çevirici bu dəyişiklikləri aşkar edərək elektrik siqnalı yaradır. Bu üsul əsasən ferromaqnit materialların vəziyyətinin yoxlanılmasında istifadə olunur.
Bütün qüsurları aşkar etmək üçün tək bir NDT üsulu kifayət etmir. Müayinə üsulu materialın növündən, avadanlığın quruluşundan və axtarılan qüsurun xüsusiyyətindən asılı olaraq seçilir.








