Proses idarəetməsində PV, SV və histerezis anlayışları

Proseslərin düzgün idarə olunması üçün ölçülən parametrin real qiymətini, tələb olunan qiyməti və limitlərini bilmək lazımdır. Temperatur, təzyiq, səviyyə və sərf kimi parametrləri idarə edərkən PV, SV və histerezis anlayışlarından tez-tez istifadə olunur.

PV (Process Value) prosesin həmin anda ölçülən real qiymətidir. Məsələn, bir temperatur sensoru sobanın temperaturunu ölçür və ekranda 75 °C göstərirsə, bu 75 °C PV-dir və ya bir çənin səviyyəsi 65%-dirsə, PV = 65% hesab olunur. Yəni PV sensor vasitəsilə ölçülən və sistemə ötürülən cari proses qiymətidir.

SV (Set Value və ya Setpoint) proses üçün təyin etdiyimiz hədəf qiymətdir. Məsələn, sobanın temperaturunun 80 °C olmasını istəyiriksə, SV 80 °C olacaq. İdarəetmə sistemi PV-ni SV-yə yaxınlaşdırmağa çalışır. Sadə şəkildə desək, PV real qiymətdir, SV isə istənilən qiymətdir. Məsələn, SV 80 °C, PV isə 75 °C-dirsə, sistem temperaturu artırmağa çalışacaq.

Histerezis isə idarəetmə zamanı çıxışın çox tez-tez qoşulub-sönməsinin qarşısını almaq üçün istifadə olunan fərqdir. Məsələn, bir qızdırıcının temperaturunu 80 °C-də saxlamaq istəyirik. SV 80 °C, histerezis isə 2 °C təyin etmişik. Bu halda temperatur 80 °C-a çatdıqda qızdırıcı sönəcək və 78 °C-ə düşdükcə isə təkrar qoşulacaq. Əgər sistemdə histerezis tətbiq olunmasa, temperatur 80 °C ətrafında çox kiçik dəyişiklik etdikdə qızdırıcı tez-tez qoşulub-sönə bilər. Bu isə kontaktor, rele və digər komponentlərin lazımsız şəkildə tez-tez işləməsinə və sıradan çıxmasına səbəb ola bilər.

Məsələn:

PV = 79.9 °C → Qızdırıcı qoşulur
PV = 80.0 °C → Qızdırıcı sönür
PV = 79.9 °C → Qızdırıcı qoşulur
PV = 80.0 °C → Qızdırıcı sönür

Bu vəziyyət davamlı olaraq təkrarlana bilər.

SON ƏLAVƏ OLUNANLAR