Təcili dayanma düyməsi (ingiliscə: emergency stop) təhlükəli vəziyyətlərdə avadanlığı və ya işçini qorumaq üçün nəzərdə tutulan açardır. Adətən sənaye avadanlıqlarında istifadə olunur.
Bu düymə EN 418 və ISO 13850 standartlarına uyğun olaraq fövqəladə hallarda asan istifadə olunması üçün tez nəzərə çarpan rəngdə, formada olmalıdır. Adətən sarı və qırmızı rənglərdə istifadə olunur. Operatorların bir əllə rahatlıqla istifadə edə biləcəkləri formada hazırlanır.
Necə işləyir?
Bu düymələr adətən “NC” (normal qapalı) kontaktlara malik olur. Basıldıqda dövrəni açaraq enerjini kəsir və sistemin dayandırılmasını təmin edir.
Düymələr basıldıqdan sonra avadanlığı təkrar qoşmaq üçün onu əvvəlki vəziyyətinə gətirmək lazım olur. Bu baxımdan dayanma düymələri bir-birindən fərqlənir. Məsələn, fırladaraq sıfırlanan (twist reset), açar ilə sıfırlanan (key reset), çəkərək sıfırlanan (pull reset) kimi növlər mövcuddur.



Əhəmiyyəti
Təcili dayanma düyməsi adi qaydada maşını saxlamaq mümkün olmadıqda avadanlığı dərhal dayandırmaq üçün təhlükəsizlik mexanizmidir.
Bu düymə insan zədələrinin aradan qaldırılması üçün çox əhəmiyyətli vasitədir. Sənayedə, xüsusilə böyük avadanlıqlarla işləyən işçilər ağır fiziki zədə almaq təhlükəsi ilə üz-üzə qala bilərlər. İşçi maşının hərəkətli hissəsinə düşsə və vaxtında çıxa bilməsə, bu düymə xilas edə bilər.
Həmçinin bu düymə maşının ehtiyat hissələrinin qorunması baxımından da səmərəlidir. Avadanlıq nasazlıq əlamətləri göstərsə, normal iş rejiminin pozulması aşkar edilsə, dərhal bu düymə vasitəsilə saxlanıla bilər. Beləliklə, avadanlığın baha və əhəmiyyətli ehtiyat hissələrinin sıradan çıxmasının qarşısını almaq mümkündür.
Təcili dayanma düymələrinin müntəzəm test edilməsi vacibdir. Sənaye müəssisələrində bu düymələr periodik olaraq yoxlanılmalıdır ki, nasazlıq aşkar olunarsa, dərhal aradan qaldırılsın.








