Azad Mirzəcanzadə İnkişaf Proqramının Üçüncü dalğasının qalibi olan ServiX Engineering layihəsinin təlimçiləri müəyyənləşib.
Avtomatika mühəndisi Emin Allahverdi tərəfindən “Elektrik anlayışı. Rele və kontaktorlar”, “Diskret sahə sensorları və sviçləri”, “Rəqəmsal elektronika və PLC-yə giriş”, “Çıxış qurğuları. Mühərrikin VFD ilə idarə olunması” və “Timer və sayğaclar. Texniki sənədlərin oxunması” mövzularında praktiki nümunələrə əsaslanan təlimlər keçiriləcək.
NÖC və avtomatika sahəsində peşəkar mühəndis Tərlan Vəliyev “Sənaye Avtomatlaşdırılmasının Arxitekturası: PLC, HMI və SCADA Sistemlərinin Praktik Tətbiqi” mövzusunda təlimdə sənaye müəssisələrində tətbiq olunan müasir avtomatlaşdırma həllərini iştirakçılarla bölüşəcək.
NÖC və avtomatika üzrə fəaliyyət göstərən Vahid Əhmədov “P&ID Təhlili və Oxunması: Proseslərin Avtomatlaşdırılması Mühəndisləri üçün” mövzusunda P&ID sxemlərinin düzgün təhlili və praktik istifadəsinə dair biliklərini təqdim edəcək.
Neft-qaz sektorunda uzunmüddətli təcrübəyə malik Səkinə Nağızadə tərəfindən “Nəzarət və Ölçü Cihazlarının Sənayedə Tətbiqi və Problemlərin Aradan Qaldırılması Üsulları” mövzusunda təlimdə sənaye obyektlərində istifadə olunan cihazlar və onların istismarı zamanı rast gəlinən problemlərin həlli yolları izah olunacaq.
NÖC və avtomatika sahəsində təcrübəli mütəxəssis Cahangir Qaraşov “Sənaye Ölçmə və Prosesə Nəzarət Sistemləri” mövzusunda təlimdə ölçmə prinsipləri, prosesə nəzarət metodları və sənayedə tətbiq olunan həllər barədə praktiki biliklərini iştirakçılarla paylaşacaq.
İnsan resursları üzrə mütəxəssis Kənan Rəhimli “Mühəndislər üçün CV Yazılması və İş Müsahibəsinə Hazırlıq” mövzusunda təlimdə effektiv CV hazırlanması, müsahibə strategiyaları və işə qəbul prosesində uğur qazanma yolları barədə təlim keçəcək.
SIS üzrə geniş praktiki təcrübəyə malik Fərid Abbaszadə tərəfindən “SIS (Təhlükəsizlik İdarəetmə Sistemləri)” mövzusunda təlimdə təhlükəsizlik sistemlərinin iş prinsipləri, onların sənayedə tətbiqi və proses təhlükəsizliyinin təmin edilməsində rolu ətraflı izah olunacaq.













